Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2020 22:14
Salyan şəhəri, Ənağı Hüseynov küçəsində bir əsrdən çox yaşı olan bir ev var. Deyilənə görə, tikilini hələ çar hakimiyyəti dövründə Ağa Rəhim bəy Rəhimbəyov inşa etdirib. Bəy sovet hakimiyyəti qurulanadək ailəsi ilə bu binada yaşayıb.
Sonxeber.net xəbər verir ki, Ağa Rəhim bəyin qohumu Tahir Mirzəli AZƏRTAC-a bildirib ki, Ağa Rəhim bəy onun babasının əmisi olub. Sovetlər gələndən sonra evi bəyin əlindən alıb kommunal bina ediblər. Maraqlısı da budur ki, elə o vaxtlar tikilinin bir otağında divarlara müxtəlif rəsm əsərləri çəkilib. Cüzi zədələnmələr nəzərə alınmasa, şəkillər və onların rəng çalarları əvvəlki kimi qalıb.
Hazırda həmin evdə yaşayan Esmira Babayeva bir neçə dəfə evi təmir etdirsə də, divarlarına şəkillər çəkilmiş otağa əl vurmağa ustalara icazə verməyib. Həmin otağı tarixi nümunə kimi saxlamağı vacib bilib.
Divardakı şəkillərdə Araz çayı və onun sahilindəki evin üzərindəki Ay və dördulduzlu qırmızı bayraq rəsmi, yəqin ki, öz tədqiqini gözləyir. Sərhədboyu qalalar, Xudafərin körpüsü və digər rəsm əsərləri baxanları heyran edir. Evdəki şəkilləri seyr edən şəhər sakinləri və tədqiqatçılar ən çox dördulduzlu bayrağın qədim dövrlərdə hansı dövlətə mənsub olduğu ilə çox maraqlanırlar. Lakin bu günə kimi bayraq haqqında dəqiq məlumat əldə etmək mümkün olmayıb.
Divarda olan kəfkirli saat şəkili o qədər incə işlənmişdir ki, otağa girdikdə adama elə gəlir ki, o, həqiqətən işləyən saatdır. Diqqət yetirdikdə onun rəsm əsəri olduğunu aydınlaşdıra bilirsən.
Ölkəmizin hər yerində, hər guşəsində belə daşlaşmış tarixi eksponatlarımız həddən artıq çoxdur. Bunlar isə Azərbaycanımızın zəngin tarixi keçmişə malik olmasının danılmaz sübutudur. Belə eksponatları qorumaq və tədqiq etmək olduqca vacibdir.
Ev sahibi bu tarixi nümunələri gələcək nəslə çatdırmaq üçün ömrünün sonuna kimi onları qoruyacağını bildirir.