Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2020 08:28
4K keyfiyyətli ekranlar hələ təzə-təzə məşhurlaşmağa başlayırlar. Lakin istehsalçılar artıq 4K-dan daha yüksək təsvir görüntüsünə sahib ekranların istehsalına start verirlər. ABŞ-ın Looking Glass şirkəti bu məsələdə daha da irəli gedib. Belə ki, onun yeni məhsulu 8K keyfiyyətli holoqrafik 3D ekran olub. Sözügedən ekran xüsusi eynəklər və ya VR cihazlar olmadan 3D təsviri əks etdirə bilir. Bu barədə Techradar saytı xəbər verib. Şirkət bu 32 düym ölçüdə olan ekranın özəlliklərini əks etdirən videonu təqdim edib.
Xüsusi aksessuarlar olmadan 3D təsvirin əks olunması üçün tərtibatçılar işıq sahəsi texnologiyasından istifadə ediblər. Məlumatda qeyd edilib ki, bu ekran saniyədə 60 fps sürətlə təsviri əks etdirə bilir. Bu cür ekran videokontent izləmək və ya videooyunlar oynamaq üçün nəzərdə tutulmayıb. Looking Glass təmsilçiləri qeyd ediblər ki, bu cür ekran elmi tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulub və əks etdiriləcək kontentə yüksək tələblər irəli sürür. Belə ki, bu holoqrafik ekranda əks etdirilən fotolar və animasiyalar yüksək təsvir görüntüsünə sahib keyfiyyətli render şəklində təqdim olunmalıdırlar.
Bir çox adi kompüterlər bu cür təsvirləri əks etdirmək qabiliyyətinə sahib deyillər. Təqdim edilmiş holoqrafik 3D ekranın qiyməti barəsində məlumat verilməyib. Lakin dəqiq olan odur ki, bu cür ekran heç də ucuz qiymətə başa gəlməyəcək. Tərtibatçılar qeyd ediblər ki, gələcəkdə holoqrafik ekranların məşhurlaşması qaçılmazdır. Lakin indiki vaxtda onlar yalnız tədqiqatlar üçün nəzərdə tutulublar və onların istifadə səhələri hələ çox kiçikdir.