Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2020 16:51
Bakı. Trend:
Turizm, otel, restoran və s. biznesləri özündə cəmləşdirən qonaqpərvərlik sektorunda fəaliyyət göstərən və PAŞA Bankın Müştərisi olan “Value Collection” şirkətinin direktoru Ceyhun Cəlilov Bankın nümayəndəsi ilə söhbətində pandemiya və bununla bağlı elan edilən karantin tədbirlərinin Azərbaycanda bu biznes sektoruna necə təsir göstərdiyi, həmçinin yeni idarəetmə metodlarının tətbiqinin və risklərin düzgün qiymətləndirilməsinin nə qədər əhəmiyyətli olduğu haqqında danışdı.
- Ceyhun bəy, məlumdur ki, pandemiya bir çox biznes sahələrinə, ilk növbədə də qonaqpərvərlik sektoruna təsir etdi...
- Bəli, haqlısınız, qonaqpərvərlik sahəsi bütün dünyada ciddi çətinliklər ilə üzləşdi və çətinlikləri yaşamağa davam edir. Bizim özümüz üçün hazırladığımız böhran şəraitində biznesin idarəetməsi modelimiz var idi, və Azərbaycanda bu sektorun aparıcı oyunçularından biri olaraq biz həmin modeldən faydalana bildik. Lakin, bu miqyasda vəziyyəti əvvəlcədən proqnozlaşdırmaq çox çətin idi, təbii ki.
Böhran yeni başlayanda bizim üçün əsas məqam - vaxt itirmədən, dərhal hərəkətə keçmək idi. Biz bunu çox yaxşı anlayırdıq. Qonaqlarımızın və işçilərimizin sağlamlığı bizim üçün hər zaman vacib olub, buna görə də karantinin ilk günlərində biz prioritetlərimizi müəyyənləşdirdik və həmin istiqamətlərə uyğun ən vacib qərarları verdik: müştərilərimiz ilə birbaşa təmasda olan işçilərimizi bütün qoruyucu vasitələrlə təmin etmək, otellərdə təhlükəsizlik tədbirlərini gücləndirmək, həmçinin cari fəaliyyətimizi mövcud şərtlərə uyğun olaraq optimallaşdırmaq.
- Bu dövrdə biznesin aparılmasının hansı mexanizmlərinə daha çox tələbat yarandı?
- Əlbəttə ki, əsas diqqətimiz məsafədən idarəetməyə yönəldildi. Əvvəllər məsələləri “yerində” həll etməyə çalışırdıq və bu, bizdən müəyyən səylər və əlavə xərclər tələb edirdi. İndi isə əksər məsələləri paytaxtda və bölgələrdə yerləşən otellərin menecerləri ilə video konfranslar vasitəsilə həll edirik. Baş verən hadisələrdən dərs alaraq təbii ki, gələcək fəaliyyətimizə də müəyyən düzəlişlər edəcəyik.
- Bu günlərdə təchizatçı və tərəfdaşlarınızla münasibətləriniz necə qurulurdu?
- Bütövlükdə biznes haqqında danışsaq, pandemiyanın təsirini bütün bazar hiss etdi və bu, fəaliyyət göstərdiyimiz seqmentə təsir etməyə bilməzdi. Ancaq qeyd etməliyəm ki, bir biznes və komanda olaraq özümüz, tərəfdaşlarımız, məhsul və xidmət tədarükçüləri – bir sözlə, hər kəs üzərinə məsuliyyət götürdü, və hamımız mövcud vəziyyətdəki bütün risk və zərərləri paylaşdıq.
- Karantin tədbirləri başa çatdıqdan dərhal sonra hansı addımları atmağı planlaşdırırsınız?
- İndi komandamızın əksəriyyəti vaxtını evdə keçirdiyi üçün biz işçilərimizin biliklərinin artırılmasına, onlar üçün təlimlərin və ixtisaslaşdırma kurslarının keçirilməsinə daha çox diqqət ayırırıq. Karantin bitdikdən sonra işimizin əvvəlki həcmini bərpa etməyi, lakin eyni zamanda bu dövrdə bizim üçün faydalı olan bütün məsafədən idarəetmə vasitələrinin tətbiqini davam etdirməyi planlaşdırırıq.
- Pandemiya şəraitində fəaliyyət ilə bağlı sahibkarlara hansı məsləhətləri verərdiniz?
- Bu böhran bizə çox şey öyrədir, lakin təbii ki, proseslərin avtomatlaşdırılması, o cümlədən biznesin çevik idarəetmə metodlarının və Kaizen kimi tanınan proseslərin optimallaşdırılması praktikalarının tətbiqi ön plana çıxır. Düşünürəm ki, yaxın gələcəkdə şirkətlərin dəstək verən komandalarının evdən işləməsi tendensiyası yaranacaq ki, bu da eyni zamanda həm işçilərin motivasiyasını artıra bilər, həm də bir sıra əlavə xərclərə, məsələn kirayə haqlarının ödənilməsinə qənaət edərək, biznesin inkişafına yatırımları artırmağa imkan yaradar.
Və, əlbəttə ki, sahibkarlara əsas tövsiyələrimdən biri budur ki, özlərinə düzgün maliyyə tərəfdaşı seçsinlər. Belə ki, biz PAŞA Bankın əməkdaşları ilə demək olar ki, hər gün ünsiyyətdə oluruq. Ən qısa müddətdə biz birgə qaydada cari vəziyyəti əhatəli təhlil etdik, əlavə maliyyələşmə və digər zəruri dəstək məsələlərini müzakirə edərək ən münasib yanaşmaları razılaşdırdıq.
Onu da qeyd edim ki, biz kiçik və orta bizneslər olaraq son bir neçə il ərzində PAŞA Bankın məhz bu sahəyə dəstəyini artırdığını görürük. PAŞA Bankın Onlayn bank platforması isə pandemiya dövründə bizə bank filiallarına gəlmədən, sağlamlığımızı riskə atmadan tam onlayn şəkildə hesab açmaq, ödəniş etmək, POS terminal sifariş etmək və əmək haqqı layihəsinə qoşulmaq kimi məhsullardan əlverişli şərtlərlə istifadə etmək imkanı verdi. Fürsətdən istifadə edərək sahibkarlar üçün yaratdığı imkanlara görə Banka şəxsən təşəkkür etmək istəyirəm və bütün biznes tərəfdaşlarıma PAŞA Bankın bu xidmətlərindən faydalanmağı tövsiyə edirəm.
Bizimlə söhbət etdiyiniz üçün Sizə təşəkkür edirik!