Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2020 11:54
"Son bir neçə ildə iqtisadi inkişaf göstəricilərinə görə regionda və dünyada lider mövqeyə yüksələn Azərbaycan bir çox sahələrdə əldə etdiyi uğurlarla seçilən dövlətlər sırasında yerini daha da möhkəmləndirməkdədir".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Kamran Bayramov deyib.
Deputat bildirib ki, ölkəmiz ordu quruculuğu prosesində də mühüm göstəricilərə və uğurlara nail olub: "Bu sahədə görülən işlərin məntiqi nəticəsidir ki, indi Azərbaycan təkcə Cənubi Qafqazda yox, postsovet məkanında da ən güclü, hazırlıqlı, qarşıya qoyulan tapşırığı müvəffəqiyyətlə yerinə yetirməyə qadir olan orduya malik ölkələrdən biridir, ordumuz isə regionun ən qüdrətli, hazırlıqlı və müasir hərbi birləşməsidir".
K.Bayramov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində məqsədyönlü və ardıcıl ordu quruculuğu yeni keyfiyyət mərhələsinə yüksəlib:
"Hazırda Azərbaycan Ordusu yüksək döyüş hazırlığındadır və qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək iqtidarındadır. Ordumuz bu gün ən müasir texnika və silahlarla təmin olunub, ölkəmizin hərbi sənayesi inkişaf edir. Belə ki, Azərbaycanda xeyli adda hərbi məhsullar istehsal edilir ki, bu da hərbi sənaye kompleksimizə, istehsal olunan silahlara və digər məhsullara marağı xeyli artırır.
Mənəvi-psixoloji hazırlıq cəhətdən də yüksək səviyyədə olan Azərbaycan ordusu işğal edilmiş əraziləri qısa zaman ərzində tam azad etmək gücündədir və bu, beynəlxalq dairələrdə, o cümlədən işğalçı Ermənistanın özündə də açıq etiraf olunmaqdadır. Təsadüfi deyil ki, hazırda işğalçı dövlətdə Azərbaycan və Ermənistan orduları arasında fərqin böyük sürətlə ölkəmizin lehinə dəyişməsinə dair etiraflar çoxalmaqdadır və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin hərbi müstəviyə keçəcəyi təqdirdə, bunun Ermənistan üçün əsl fəlakət olacağını qəbul edənlərin sayı sürətlə artmaqdadır. Bununla belə Ermənistana və dünya ictimaiyyətinə yaxşı məlumdur ki, zəbt olunmuş ərazilərinin azad edilməsi üçün Azərbaycan hər an hərbi əməliyyatlara başlamaq və ərazilərini az vaxtda düşməndən tam təmizləmək iqtidarındadır".
Deputat vurğulayıb ki, bu gün Ermənistanda heç bir inkişaf yoxdur, iqtisadi tənəzzül yaşanır: "Əlbəttə ki, bütün bunlar Ermənistan ordusuna da ciddi təsir edir. Ordunun təminatı çox aşağı səviyyədədir, hərbçilər xidmətdən yayınır, orduda korrupsiya və rüşətxorluq baş alıb gedir. Eyni zamanda Ermənistan ordusu şəxsi heyət baxımından da ciddi problemlər yaşamqdadır".