Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu “Həsən Bəy Zərdabi Həftəsi”nə start verib

Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu “Həsən Bəy Zərdabi Həftəsi”nə start verib

Tarix: 1 Iyul 2020 19:36

Bakı. Trend:

28 iyun – 5 iyul tarixlərini əhatə edən həftə çərçivəsində Həsən Bəy Zərdabinin irsinin təbliği məqsədilə videokonfranslar təşkil edilir.

Trend-in məlumatına görə, bu günə qədər artıq iki videokonfrans baş tutub. İlk videokonfrans iyun 29-da "Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu"nun facebook səhifəsində baş tutub. Videokonfrans gənclər təşkilatları ilə keçirilib. “Həsən Bəy Zərdabi İrsinin və Milli mənəvi dəyərlərimizin təbliğində gənclərin rolu” mövzusunda konfrans zamanı gənclərimizin sosial şəbəkələrdə bu istiqamətdə fəaliyyəti müzakirə olunub və gələcək yeni və innovativ fəaliyyət metodları təklif edilib.

İkinci onlayn konfrans isə Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu, Avrasiya Ekonomik İlişkiler Derneği (Türkiyə), Azərbaycan Maarifçilər Assosasiyası, Azxeber.com İnformasiya Agentliyi, Press.az, Diasporpress.az İnformasiya Mərkəzi, Zerdab.com, Qanunla.az, Milli QHT Forumunun birgə təşəbbüsü ilə 30 iyunda keçirilib.

"Həsən Bəy Zərdabi irsinin təbliği, maarifçilik ənənələrinin və milli mənəvi dəyərlərin qorunmasında gənclərin rolu" mövzusunda keçirilən onlayn konfransda Azərbaycan və Türkiyə millət vəkilləri, gənclər təşkilatları, ziyalı və QHT-lər iştirak edib.

Öncə Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupunun rəhbəri Bayramov Seymur layihə haqqında məlumat verib və Həsən Bəy Zərdabi həftəsi haqqında iştirakçıları məlumatlandırıb.

Daha sonra konfrans iştirakçılarını salamlayan Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupunun üzvü, Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyeva konfransda iştirak etdikləri üçün bütün qonaqlara təşəkkürünü bildirdi. Jalə Əliyeva video konfransın keçirilməsinin əhəmiyyətindən söz etdi, dövlətimizin mədəni irsin qorunması, gələcək nəsillərə sağlam şəkildə çatdırılması, beynəlxalq müstəvidə təbliği sahəsində həyata keçirtdiyi fəaliyyət haqqında danışdı, gənclərin məhz bu fəaliyyətdən örnək götürərək bu proseslərdə fəal iştirakın vacibliyini vurğuladı, Həsən bəy Zərdabi irsinin öyrənilməsinin və təbliğinin vacibliyindən danışdı. Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamasını vurğulayan J.Əliyeva bildirdi ki, bu sərəncam ölkəmizdə mətbuata yüksək dövlət qayğısının daha bir bariz nümunəsidir.

Konfrans zamanı milli mənəvi dəyərlərimizin, mədəni irsimizin, tarixi şəxsiyyətlərin həyat və yaradıcılıqlarının yaradıcı və innovativ gənclərin vasitəsi ilə təbliğat metodları müzakirə olunub.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Hikmət Babaoğlu çıxış edərək Həsən Bəy Zərdabinin həyat və yaradıcılığı haqqında geniş məlumat verərib və layihənin təşəbbüskarlarına xüsusi minnətdarlığını bildirib.

Həsən Bəy Zərdabinin həyat və yaradıcılığı daim gənclər tərəfindən araşdırılmasının və təbliğ olunmasının xüsusi əhəmiyyətini qeyd edən millət vəkili bu formatda tədbirlərin keçirilməsinin hal hazırda sosial şəbəkə vasitəsindən daha səmərəli istifadəyə və düzgün təbliğatın aparılması ilə nəticələnəcəyini bildirdi.

“Avrasya Ekonomik İlişkiler Derneği” İdarə Heyətinin sədri Hikmet Eren Zərdabi irsinin təkcə Azərbaycanda deyil bütün türk dünyasında təbliğinin əhəmiyyətini vurğulayaraq rəhbərlik etdiyi təşkilatın bu istiqamətdə silsilə tədbirlər keçirəcəyini, universitetlərdə bu irsin təbliği və tədrisi ilə əlaqədar təşəbbüslərin ediləcəyini qeyd edib.

Türkiyədə Zərdabi irsinin əbədiləşdirilməsi məqsədi ilə Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu ilə birgə Zərdabi parkının yaradılması və onun yaşadığı Zərdab rayonu ilə Türkiyənin Karaman şəhəri ilə qardaşlaşma təşəbbüsü Azərbaycan və Türkiyə qardaşlıq və dostluq əlaqələrinin eyni zamanda ortaq dəyərlərin sağlam şəkildə təbliği və gələcək nəsillərə ötürülməsinə səbəb olacağını söyləyib.

Milli Məclisdə Zərdab rayonunu təmsil edən deputat Jalə Əliyeva bu təklifin əlaqədar qurumlar tərəfindən dəstəklənməsi üçün köməyini əsirgəməyəcəyini bildirib.

“Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova, Azxeber.com İnformasiya agentliyinin təsisiçisi və rəhbəri Hacıbəy Heydərli, Azərbaycan Maarifçilər Assosiasiyasının həmtəsisiçisi Tofiq Sadıxov, Zərdab rayonu ziyalısı Cəmil Əsədov çıxışlarında irsin təbliği ilə bağlı layihənin davamlı, sosial, bu günün və gələcəyin trendinə və metodlarına uyğun şəkildə aparılmasını təklif ediblər.

Həftə ərzində daha iki konfrans keçiriləcək. Dispora təşkilatlarının iştirakı ilə “Həsən Bəy Zərdabi İrsinin və milli mənəvi dəyərlərimizin təbliğində diaspora təşkilatlarımızın rolu” və qeyri-hökümət təşkilatlarının rəhbərlərinin iştirakı ilə “Həsən Bəy Zərdabi İrsi və milli mənəvi dəyərlərimizin təbliğində QHT-lərin rolu” mövzusunda video konfransların keçirilməsi nəzərdə tutulur.


Etiketlər:  Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu Həsən Bəy Zərdabi Həftəsinə start verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ