Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2019 17:32
"Roma"nın idman direktoru Françesko Totti paytaxt klubundan ayrılıb.
Qol.az-ın "BBC"yə istinadən yaydığı xəbərə görə, əfsanəvi futbolçu istefa qərarını bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb. O, gedişinin səbəbini klubun amerikalı sahibləri ilə əlaqələndirib:
"8 ildir, amerikalı iş adamları kluba gəldiyi gündən bəri əfsanələri "Roma"dan ayırırlar. Nə istəyirlərsə, onu da edirlər. Futbolu onlara görə atdığımı hamı bilir. 6 illik müqavilə imzaladım, amma işin içinə girəndə hər şeyin fərqli olduğunu gördüm.
Ayrılıq qərarımın bir çox səbəbi var. Heç vaxt təşkilati işlərə daxil olmağıma icazə vermədilər. 2 ildir bu vəzifədəyəm, cəmi 10 iclasa dəvət ediblər. Həmişə son məqamda mənə xəbər veriblər. Məni hər zaman görülən işlərdən kənarda saxlamağa çalışırdılar".
Totti yalnız klub rəhbərliyi dəyişəcəyi təqdirdə "Roma"ya qayıda biləcəyini söyləyib: "Romalılara qarşı heç vaxt səhv etmərəm. Bu gediş komandadan futbolçu kimi ayrılmaqdan daha çətindir. "Roma"dan ayrılmaq ölmək kimidir. Bəlkə də ölsəydim, özümü daha yaxşı hiss edərdim".
Qeyd edək ki, yalnız "Roma"nın formasını geyinən "Qladiator" ləqəbli veteran hücumçu 2017-ci ilin yayında 24 illik futbolçu karyerasını başa vurmuşdu.