Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2020 15:06
Xarici İşlər naziri Elmar Məmmədyarovun Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı baş tutub.
Nazirlikdən Sonxeber.net-a verilən məlumata görə, E.Məmmədyarov Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax istiqamətində hücum cəhdinin qarşısının alınması, bölgədə davam edən gərginlik barədə Rusiyalı həmkarına məlumat verib. O, Ermənistanın bu təxribatının bölgədə vəziyyətin daha da gərginləşməsinə, üçüncü ölkələrin Ermənistan-Azərbaycan münaqişəsinə cəlb edilməsinə xidmət etdiyini qeyd edib, Ermənistanın gücdən istifadə etmək cəhdinin yolverilməz olduğunu və bu kimi təxribatların bundan sonra da layiqincə cavabının veriləcəyini vurğulayıb.
Telefon söhbəti zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bilavasitə ATƏT-in məşğul olduğu və münaqişənin hər iki tərəfinin bu təşkilatın tam hüquqlu üzvü olduğu qeyd olunub.
Nazir S.Lavrov bölgədə gərginliyin artmasının yolverilməz olduğunu və vəziyyətin nəzarət altına alınmasının vacibliyini qeyd edib.