Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Ermənistan daha iri ölkələrin arxasında gizlənmək istəyir"

Tarix: 14 Iyul 2020 14:57

"Xüsusilə son 2 il ərzində Azərbaycan Ermənistanla sərhəddində sərhəd qoşunlarının infrastrukturunu xeyli təkmilləşdirib, yenilənib, burada yeni mühəndis qurğular salınıb, yeni texnika ilə təmin olunub".

Bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, ermənilər Azərbaycanı KTMT və təşkilartın ayrı-ayrı ölkələri ilə üz-üzə qoymaq niyyətindədirlər:

"Azərbaycan öz torpaqlarında olan nəzarətini bir çox istiqamətlərdə bərpa edib. Əlbəttə ki, ermənilərin gözü bunları götürmür. Nəinki götürmür, onlar tez-tez bu haldan istifadə etmək, yararlanmaq istəyirdilər. Belə yararlana bilmirlər. Çünki Azərbaycana qarşı adekvat addımlar ata bilmirlər. Buna görə də, onlar başladılar müxtəlif təxribatlara əl atmağa. Təxribatlar ona hesablanıb ki, Azərbaycan güya ermənilərin torpaqlarını işğal edir, mənimsəyir və beləliklə Ermənistanın suverenliyini pozur. Bildiyiniz kimi Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür və bu məsələ KTMT nizamnaməsində xüsusilə qeyd olunub. Yəni, hər hansı bir dövlət KTMT-yə üzv ölkəyə, onun suverenliyinə xələl yetirirsə digər üzv ölkələr ona yardım göstərməlidir. Ermənilər Azərbaycanın addımlarını əsas tutaraq KTMT dövlətlərini məsələyə cəlb etmək istəyirlər və Azərbaycanı KTMT ilə və təşkilatın ayrı-ayrı ölkələri ilə üz-üzə qoymaq niyyətindədirlər. Həmişə olduğu kimi, digər daha iri ölkələrin arxasında gizlənmək istəyirlər. Çünki özlərinin Azərbaycana adekvat cavab vermək imkanları, gücü çatmır. Bu təxribat da buna hesablanıb".

Politoloq qeyd edib ki, Paşinyan Tovuz istiqamətindəki təxribat vasitəsilə daxildəki proseslərə cəmiyyətin, ona qarşı olan siyasətçilərin diqqətini yayındırmaq niyyətindədir:

"Niyə Tovuzda təxribat törətdilər?! - Bu mənim fərziyələrimdir: Qazaxda açıq-aydın görünür ki, ordumuz üçün kifayət qədər infrastruktur qurulub, orada kazarmalar salınıb. Ermənilər bir neçə dəfə məhz Qazax istiqamətində cəhd göstəriblər ki, təxribata əl atsınlar, burada alınmayıb. Onlar düşünürdülər ki, bəlkə Tovuz istiqamətində Azərbaycanın sərhəd infrastrukturunda bir zəif yeri ola bilər, ona görə də Tovuz istiqamətində hansısa bir təxribat törətsinlər. Bu cəhdləri də puç oldu. Amma bu işin bir tərəfi. Digər məsələ, Ermənistanın son günlər siyasi gündəmində yeni proseslər baş verir. Yəni, köhnə iqtidar Paşinyan hakimiyyətinə qarşı çıxan yeni müxalifətlə birləşməyə, sövdələşməyə başlayıblar. Bu da Paşinyan üçün böyük bir təhlükədir. Burada Paşinyana qarşı olan həmin daxili siyasətçilər gözləyirlər ki, məqam yetişsin, birləşərək Paşinyana qarşı çıxsınlar. Bu proses indi sürətlənib. Yəni Sarukyanın həbsi, Koçaryanla bağlı hadisələr və s. bu prosesi daha da aktivləşdirib. Paşinyan bu hərəkətlərlə eyni zamanda prosesə olan diqqəti yayındırmaq niyyətindədir. Sosial-iqtisadi problemlərin artmasından, koronavirusun inkişafı ilə bağlı olan problemlərdən cəmiyyətin diqqətini yayındırmaq üçün digər məsələləri eyni zamanda həll etmək üçün belə təxribat üsulunu seçib. Nəticədə göz qabağındadır".

Təhməz Təkin
Milli.Az


Etiketlər:  Ermənistan daha iri ölkələrin arxasında gizlənmək istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ