Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2020 12:00
Ermənistanın işğala keçən təxribatı Azərbaycanın adekvat və irimiqyaslı cavabı ilə üzləşdi. Mənə elə gəlir, başa düşdülər ki, bu təxribatın belə bir formada həyata keçirilməsi və Azərbaycana qarşı belə bir irimiqyaslı təxribatların törədilməsi hər bir an Azərbaycanın güclü hərbi potensialı ilə üzləşməkləri ilə nəticələnəcək.
Bunu Sonxeber.net-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.
O bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tərkibinə daxil olan dövlətlər yaxşı dərk edirlər ki, işğalçı dövlət kimdir, kimin torpaqları işğal altındadır:
"Düzdür, biz şəhidlər də verdik. Amma hər halda onu nümayiş etdirdik ki, biz nəyinki öz torpaqlarımızı qorumağa qadirik, hətta işğalçı dövlətin digər torpaqlarını da işğal edə bilərik. Müəyyən səbəblərə görə, sadəcə olaraq, biz onu etmirik. Azərbaycanı dərhal bir sıra dövlətlər, Azərbaycanın müttəfiqləri, beynəlxalq təşkilatlar dəstəklədi. Bunu dövlət başçımız 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da dilə gətirdi, bu təşkilatların və ölkələrin adlarını çəkdi. Hətta Ermənistanla müttəfiq olan Rusiya açıq şəkildə Ermənistanı dəstəkləmədi. Bu da bir reallıqdır. Hətta KTMT (Hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) təcili şəkildə özünü qəhrəman elan edən Paşinyan KTMT-yə müraciə edərək dərhal təşkilatın iclasının keçirilməsinə də nail ola bilmədi. Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tərkibinə fikir vermək lazımdır. Orada Rusiyadan başqa kimlər var?! Belarusdu, Qazaxıstandı, bunlar Azərbaycanın, demək olar ki, müttəfiqləridir və heç vaxt Azərbaycana qarşı heç bir addım ata bilməzlər və atmaq fikrində deyillər. Onlar vəziyyəti yaxşı başa düşürlər, onlar yaxşı dərk edirlər ki, işğalçı dövlət kimdir, kimin torpaqları işğal altındadır".
Politoloq qeyd edib ki, bundan sonra da bütün beynəlxalq təşkilatlara, ölkələrə bizim səfirliklərimiz və beynəlxalq təşkilatlarda nümayəndəliklərimiz vasitəsilə həqiqətləri çatdırmalıyıq, çünki həqiqət bizim tərəfimizdədir:
"Biz onu da görürük ki, Azərbaycanın ərazi bütövlüyü dünya ictimaiyyəti tərəfindən tanınır. Biz bu vəziyyətdə diplomatik istiqamətdə güclü şəkildə çalışmalıyıq, diplomatiyamız daha güclü olmalıdır, daha hücumedici diplomatiya olmalıdır. Bu məsələdə biz passiv bir mövqe tutmamalıyıq. Bundan sonra da bütün beynəlxalq təşkilatlara, ölkələrə bizim səfirliklərimiz və beynəlxalq təşkilatlarda nümayəndəliklərimiz vasitəsilə həqiqətləri çatdırmalıyıq, çünki həqiqət bizim tərəfimizdədir. Biz həm güclüyük, həm beynəlxalq təşkilatların qərarları bizim xeyrimizə qəbul olunub. Yəni, hüquq baxımından da üstünlük bizim tərəfimizdədir, bizim haqq səsimizi çatdırmağa kifayət qədər əsasımız var. Öz torpaqlarımızı düşməndən azad etmək və xüsusilə bizə qarşı hansısa bir təxribatları dəf edib, irimiqyaslı və adekvat cavab verməliyik".
Təhməz Təkin