Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mixail Qusman: Pandemiya mediaya yeni təcrübələr qazandırdı

Mixail Qusman: Pandemiya mediaya yeni təcrübələr qazandırdı

Tarix: 17 Iyul 2020 18:18

Pandemiya medianın fəaliyyətinə bir sıra məhdudiyyətlər gətirsə də, yeni təcrübələr qazandırdı. Bütün bunları postpandemiya dövründə də tətbiq etmək mümkündür.

Bu fikirlər Avropa Xəbər Agentlikləri Alyansının növbəti onlayn seminarında səsləndirilib.

Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman təqdimatla çıxış edərək pandemiyanın KİV-ə təsirləri, yaranan problemlərin həlli ilə bağlı təcrübələrindən danışıb. O qeyd edib ki, karantinlə əlaqədar TASS agentliyinin jurnalistləri onlayn rejimdə işləyir, bir sıra departamentlər isə ofisdə fəaliyyətlərini davam etdirirlər. "Pandemiya bizim bir çox məsələyə baxışımızı dəyişdi. Biz təsəvvür edə bilməzdik ki, bu cür şəraitdə işləmək mümkün ola bilər. Əvvəllər hansısa şəxsdən günlərlə müsahibə gözləyirdiksə, indi bunu etmək çox asanlaşıb. Bu təcrübələr pandemiyadan sonra da işlək olacaq", - deyə Mixail Qusman vurğulayıb.

Vebinarda AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov, EANA-nın baş katibi Aleksandr Giboi, Almaniyanın DPA agentliyinin baş icraçı direktoru Piter Kropş, İtaliyanın ANSA agentliyinin baş direktoru Stefano De Alessandri, Fransanın France Press agentliyinin prezidenti Fabris Fris, həmçinin Türkiyənin Anadolu, İspaniyanın EFE, Belçikanın Belga agentliklərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Avropa Xəbər Agentlikləri Alyansı 1956-cı ildə Strasburqda təsis olunub. Dünya informasiya siyasətinə mühüm təsir imkanlarına malik bu təşkilat öz sıralarında Avropanın 32 aparıcı xəbər agentliyini birləşdirir. Alyansa Böyük Britaniyanın Press Association, Fransanın France Press, Almaniyanın DPA, İspaniyanın EFE, Rusiyanın TASS, Türkiyənin Anadolu kimi böyük agentlikləri daxildir. 2008-ci ildən EANA-nın üzvü olan AZƏRTAC təşkilatın fəaliyyətində yaxından iştirak edir.

Milli.Az


Etiketlər:  Mixail Qusman Pandemiya mediaya yeni təcrübələr qazandırdı


RƏYLƏR