Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2020 22:20
Koronavirus infeksiyası ilə üzləşənlərin heç də hamısında immunitet formalaşmır. Virusa yoluxan xəstələrin təxminən 30 faizinin qanında immunoqlobulin G-nin aşkarlanması üçün aparılan test müsbət olmur. Lakin bu, o demək deyil ki, xəstənin immun sistemi virusa cavab vermir. İmmun sistemi iki cür ola bilər. Belə virus infeksiyalarında hüceyrəli immunitet də rol oynayır. Bu, daha mürəkkəb müayinələr nəticəsində təsdiq olunur. Bunun ən asan yolu serumla xəstənin qanında immunoqlobulin G-nin yoxlanılmasıdır. Bir çox ölkələrdə immun plazma verənlər onun bir hissəsini özləri üçün saxlatdırırlar. Donorların verdiyi plazma bir neçə xəstənin müalicəsi üçün tətbiq edilə bilər. Həmin plazmadan vəziyyəti orta-ağır, o cümlədən daha yüngül mərhələdə olan xəstələrin müalicəsi üçün istifadə etmək mümkündür.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov deyib.
Onun verdiyi məlumata görə, immun plazmanın alınması proseduru müasir aferez cihazları vasitəsilə aparılır: "Həmin cihazların köməyi ilə birdəfəlik steril setlər bir damardan alınan qanı cihazın içərisində sirkulyasiya etdirərək digər damardan geri qaytarır. 40-45 dəqiqə ərzində davam edən prosedur nəticəsində əldə edilən plazma ayrıca torbalara toplanılır. Prosedur heç bir kontakt olmadan həyata keçirilir, plazma verən üçün heç bir risk və təhlükə yoxdur. Plazma verən şəxs əvvəlcədən beynəlxalq standartlara uyğun şəkildə müayinə edilir, onda immunoqlobulin G testi müsbətdirsə, təkrar alınan PSR testi neqativ çıxarsa, bu, onun donor rolu oynaya biləcəyini təsdiq edir və ondan plazma almaq olar. Alınan plazma 600 millilitr olduqda üç, 400 millilitr olduqda iki hissəyə bölünür və bir neçə saat ərzində ehtiyacı olan ağır xəstələrə çatdırılır, iki-dörd saat ərzində venadaxili infuziya olunur. Zəruri ehtiyacı olan xəstə yoxdursa, plazma dondurulur və saxlanılır".
İcraçı direktor onu da bildirib ki, donor bir neçə dəfə plazma verə bilər və həmin proses beynəlxalq standart və normalara uyğun aparılır: "Bir ay ərzində 7-10 günlük intervalla üç dəfə plazma vermək olar və həmin müddətdə donorda yeni bir xəstəlik aşkarlanmadıqda və o, özünü tam sağlam hiss etdikdə yenidən plazma verə bilər. COVID-19-a yoluxanların xeyli hissəsinin qan və qan məhsullarına ehtiyacı artır. Donorların bu xeyirxah və humanist addımı koronavirus infeksiyasına yoluxan ən azı iki xəstənin sağalmasına yardım edə, həmçinin xəstələrin intubasiya olunması və ağırlaşmasının qarşısını ala bilər. Plazma verilməsi donorun həyatı üçün heç bir təhlükə yaratmır və onlar 40 dəqiqə, uzağı 1 saat ərzində normal fəaliyyətə qayıdırlar. Çoxlu maye qəbulu ilə itirilən plazmanı geri qaytarmaq mümkündür. Həmin donorların təkrar müayinəsi göstərir ki, onların verdikləri plazma orqanizmdə yeni immun sisteminin formalaşmasına təkan verir. Ümid etmək olar ki, koronavirusdan sağalanlar könüllü olaraq plazma verəcək və digər xəstələrin sağalmasında pay sahibi olacaqlar".