Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mən Bakını belə bir vəziyyətdə heç vaxt görməmişdim''

''Mən Bakını belə bir vəziyyətdə heç vaxt görməmişdim''

Tarix: 20 Iyul 2020 12:06

Karantin müddətinin uzadılması, əlbəttə ki, epidemioloji vəziyyətdən asılıdır.

Bunu Sonxeber.net-a açıqlamasında Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi deyib.

O bildirib ki, xüsusi karantin müddətinin uzadılması çox düzgün qərardır və bu qərarı başa düşən hamı alqışlayır:

"Koronavirusun tam dəf olunması üçün yoluxmaların sayını maksimal dərəcədə azaltmaq lazımdır. Azərbaycan kimi ölkəyə hər gün 400-500 nəfər olduqca çox böyük bir rəqəmdir. Xüsusi karantin müddətinin uzadılması çox düzgün qərardır və hesab edirəm ki, bu qərarı başa düşən hamı alqışlayır. Bu, bizim cəmiyyətin xeyirinə atılmış çox vacib bir addımdır. Operativ Qərargah çox düzgün qərar qəbul edib. Biz bu karantin müddətinin qaydalarına əməl etməliyik. Həm özünü təcrid, həm gigiyena, həm sosial məsafənn saxlanması, həm də tibbi maskadan istifadə, bunlar hamısı icra olunmalıdır ki, biz çox tez müddətdə Azərbaycanda koronavirusa yoluxmaların qarşısını, ümumiyyətlə, alaq. 

Bu nümayişlər məni çox sevindirdi ki, Azərbaycan xalqı bir ola bilir

Düzdür, çox gözəl bir iş idi ki, bizim ordumuza dəstək olan aksiyalar keçirildi. İnsanlar hamı bir yerdə çıxdılar küçələrə, meydanlara. Bu, əlbəttə ki, millətin, xalqın birliyini, vətəni müdafiə etmək istəyinin ən gözəl, ən parlaq bir nümayişi idi. Mən Bakını belə bir vəziyyətdə heç vaxt görməmişdim və bu hadisəyə çox böyük qürurla yanaşıram. Bu nümayişlər məni çox sevindirdi ki, Azərbaycan xalqı bir ola bilir və bu, çox vacib bir məsələdir. Əlbəttə ki, daha yaxşı olardı ki, bu aksiyalarda hamı koronavirusa yoluxmamaq üçün karantin vaxtı qaydalara da riayət edərək maskalardan istifadə edərdilər, bir-biriləri ilə az təmasda olub, məsafə saxlayaydılar. Eybi yoxdur, 100 metr, 200 metr artıq dolardı, amma hamı salamat olardı. Mən çox ehtiyatlanıram ki, bu aksiyalarda yoluxma halları bir az çoxalar". 

Professor hesab edir ki, karantin qaydalarına bir nəfər kimi səbrlə əməl etməliyik:

"Bizim çox komplekləşmiş, nizami ordumuz var. Bu gün vətəndaşlarımızın vətənin müdafiəsinə durmaq üçün ordu sıralarına yazılmağı çox müsbət və çox sevindirici bir haldır. Amma bu gün bizim buna ehtiyacımız yoxdur.

Lazım olsa, hamı kiçikdən böyüyə kimi silaha sarılmalıdır

Bizim nizami, çox yaxşı hazırlıqlı ordumuz var. Onlar da çox böyük məharətlə bizim dövlətimizi, ölkəmizi və bizim vətənimizi müdafiə edirlər və bütün normativləri gözləyirlər. Lazım olsa, hamı kiçikdən böyüyə kimi silaha sarılmalıdır. Çünki bu, milli məsələdir. Yenə deyirəm, koronvirusa görə karantin müddətinin uzadılması ölkənin xeyirinə atılmış çox vacib addımdır. Biz bu virusdan tezliklə qurtulmalıyıq, çünki bizim iqtisadiyyatımız var, bizim təhsilimiz var, bizim mədəniyyətimiz var. Bütün bu sahələrdə artıq bizdə görün nə qədər geriləmə var. Hamısını tez bir zamanda bərpa etməyi bacarmalıyıq, ona görə də karantin qaydalarına bir nəfər kimi səbrlə əməl etməliyik".

Təhməz Təkin


Etiketlər:  Mən Bakını belə vəziyyətdə heç vaxt görməmişdim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ