Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Mətbuat Günü - 145: Bizim Dağbəyi İsmayılov - əziz müəllimim, bayramınız mübarək

Milli Mətbuat Günü - 145: Bizim Dağbəyi İsmayılov - əziz müəllimim, bayramınız mübarək

Tarix: 23 Iyul 2020 11:18

Bakı. Trend:

Azərbaycan mətbuatının 145 yaşının qeyd olunduğu günlərdə müəllimim qədər çox sevdiyim, Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil aldığımız müddətdə yaradıcılıq günlərində gerçəkdən müəllimimiz qədər söykəndiyimiz jurnalistlərdən biri (o vaxtlar "Bakı-Baku" qəzetinin şöbə müdiriydi) "AZƏRTAC"ın sədr müavini DAĞBƏYİ İSMAYILOVu bir daha xatırladım. Az qala bir nəğmədə deyildiyi kimi "qaçıb yanına getmək" istədim... Onu bəziləri "Azərbaycan jurnalistikasının vicdanı", bəziləri "söykənə biləcəyimiz dağlardan biri"... adlandırıb. Mənimçünsə Dağbəyi İSMAYILOV böyük hərflə yazılan Müəllimlərimdən biridir.

Universitetdə dərs deməsə də, mən ondan jurnalistikanın, qəzetçiliyin sirlərini daha dərindən öyrəndim. Onun təmkinli davranışı, heç nəyə sığmayan səbri (konkret olaraq o vaxtlar, yəni aşağı kurslarda oxuduğumuz müddətdə bizim hələ cilalanmamış yazılarımıza, elə öz xarakterimizə münasibətdə də), sadə, səmimi, sakit olduğu qədər də tələbkar münasibətini, işinin çox olmasına baxmayaraq həmişə səliqəli geyimini, şux yerişini, gülər üzünü... heç unutmadım. Tanıdığım müddətdə nə onun uca səsini eşitdim, nə də də acıqlı baxışını gördüm...

Bu gün AZƏRTAC-ın İdarə Heyətinin sədr müavini işləyən Azərbaycan Respublikasının Əməkdar jurnalisti Dağbəyi İsmayılovun haqqında düşünəndə həyatımın sonrakı illərində onun işlədiyi qəzetdə tez-tez dərc olunan, bu gün də sevə-sevə saxladığım yazılarımı, işlədiyim "Xəzər"- "Kaspi" və redaktoru olduğum "Qaradağ" qəzetlərinin "Azərbaycan" nəşriyyatında çap olunduğu günlərdə öz işini-gücünü atıb qəzetin maketini, siqnal nömrəsini diqqətlə nəzərdən keçirməsini, tövsiyələrini... minnətdarlıqla xatırlayıram.

Əslində, onunla bağlı xatirələrim bir yazıya sığmayacaq qədər çoxdur...

Dağbəyi İsmayılovun ömür yolu da hər birimiz üçün bir örnəkdir. O, 1948-ci il avqustun 1-də Qubadlı rayonunun Çərəli kəndində dünyaya göz açıb. 1966-cı ildə Qubadlı qəsəbə orta məktəbini, 1968-ci ildə Naxçıvan Pedaqoji Məktəbini bitirib. 1968-1970-ci illərdə öz kəndlərindəki orta məktəbdə müəllim işləyib. 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində ali təhsil alıb. Qırx ildən artıqdır ki, mətbuatda çalışır. 1975-ci il avqustun 1-dən 2002-ci il noyabrın 15-dək “Bakı” və “Baku” qəzetlərinin redaksiyasında müxbir, şöbə müdiri və baş redaktorun müavini vəzifələrində işləyib. Məlumdur ki, Azərbaycan mətbuatının tanınmış simalarından biri olan əziz Müəllimim Nəsir İmanquliyevin 30 il rəhbərlik etdiyi “Bakı” və “Baku” axşam qəzetləri o dövrün digər mətbu nəşrləri üçün örnək olub. Nəsir müəllim yüzlərlə gənc jurnalistə bu peşənin sirlərini öyrədib. Şübhəsiz, bu sırada Dağbəyi İsmayılovun da adı var. Hörmətli müəlliminin istək və arzusu ilə “Bakı” və “Baku” axşam qəzetlərində işə başlayan Dağbəyi İsmayılov təkcə ona olan inamı doğrultmayıb, əksinə, özü də neçə-neçə gəncə sənətin sirlərini öyrədib. Dağbəyi İsmayılov 2002-ci il noyabrın 15-də AZƏRTAC-a buraxılış redaktoru vəzifəsinə təyin olunub. 2003-cü il yanvarın 6-dan 2005-ci il fevralın 2-dək agentlikdə baş redaktor vəzifəsində fəaliyyət göstərib. 2005-ci il fevralın 3-dən 2008-ci il fevralın 1-dək agentliyin baş direktorunun müavini vəzifəsini icra edib. 2008-ci il fevralın 1-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə AZƏRTACın baş direktorunun müavini təyin olunub.

Ötən illər ərzində öz savadı, redaktorluq qabiliyyəti, yazı üslubu, peşəkarlığı və ən əsası, işinə sonsuz sevgisi ilə kollektivin böyük hörmətini qazanıb. 1977-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Dağbəyi İsmayılov 1982-ci ildə həmin təşkilatın “Qızıl qələm” mükafatına layiq görülüb. O, “Heydər Əliyev və AZƏRTAC”, “AZƏRTAC-dan AZƏRTAC-a mürəkkəb və şərəfli yol” kitablarının, eləcə də Azərbaycan mətbuatının problemləri ilə bağlı məqalələrin müəllifi, çoxsaylı kitabların redaktorudur. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Tərəqqi” medalına və “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. Bu gün Dağbəyi İsmayılov onu tanıyanlar tərəfindən Azərbaycan xalqının maraqlarını yüksək səviyyədə qorumağa qadir vətənpərvər insan, peşəkar jurnalist, xeyirxah vətəndaş kimi qəbul olunur. Onun əsl jurnalist kimi peşəkarlığı hər zaman öz sözünü deyir və informasiyaların yüksək keyfiyyətlə hazırlanıb operativ buraxılmasında böyük rol oynayır. O, Azərbaycan mətbuatında öz üslubunu yaratmış qələm adamlarındandır.

Bu gün də gənclər Dağbəyi müəllimdən çox şey öyrənirlər. Dağbəyi İsmayılov gənclərlə hər bir görüşündə bu fikirləri dönə-dönə səsləndirir: “Elə yazılar hazırlayın ki, o yazılarda Azərbaycan dili öz gözəlliyi, oxunaqlılığı, şirinliyi, rəvanlığı ilə göz oxşasın. Elə yazın ki, Həsən bəy Zərdabinin, Əbdürrəhim bəy Haqverdiyevin, Mirzə Cəlilin, Sabirin ruhu inciməsin. Öyrənin ki, sizdən də öyrənsinlər".

Qeyd:

Dağbəyi müəllim həm də gözəl ailə başçısıdır. Ağıllı övladları, şirin nəvələri evinin bəzəyidir.

Onu həm də ŞƏHİD atası kimi tanıyırlar. Murovda kəşfiyyata gedərkən şəhid olmuş Elgün İsmayılov Dağbəyi İsmayılovun övladıdır.

Ömrünün 20-ci baharında Murovdağın zirvəsində Şəhidlik məqamına yüksələn Elgün Dağbəyi oğlu İsmayılovun əziz və unudulmaz xatirəsi bu gün dünyaya göz açdığı ailədə, oxuduğu məktəbdə, çalışdığı “Azərbaycan” qəzeti redaksiyasında daim anılır, ehtiramla yad edilir.

O, 1974-cü ildə Bakı şəhərində anadan olub. “Azərbaycan” qəzetində işləyirdi. 1993-cü ildə həqiqi hərbi xidmətə çağırıldı. O, həmin ilin oktyabrında “N” saylı hərbi briqadanın tərkibində cəbhə bölgəsinə–Füzuli rayonuna göndərildi. Horadizin düşməndən azad edilməsi uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə komandanlıq tərəfindən mükafatlandırıldı. 1994-cü ilin yanvarında hərbi briqadanın yeri Kəlbəcər bölgəsinə, Murov dağına dəyişdirildi.

Elgün İsmayılov Murov dağında bölüyün keçirdiyi 20 əməliyyatdan 16-da iştirak edib. 1994-cü il aprelin axırlarında o, komandanlığın fəxri fərmanına layiq görülüb. Həmin il mayın 25-dən 26-na keçən gecə Murovun “Ömər” yüksəkliyində düşmən arxasına keçərək vacib məlumatları gətirməyə gedən 4 nəfərlik kəşfiyyat dəstəsinin tərkibində Elgün İsmayılov də var idi. Cəsur əsgər burada düşmənlə döyüşdə Şəhidlik zirvəsinə yüksəlib...

Başınızı uca tutun, Dağbəyi müəllim!

Siz şərəfli bir ad daşıyan igidin atasısınız.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

* * *

Bu gün daha bir xoş xəbər eşitdim. Dağbəyi İsmayılov Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Əziz Dağbəyi müəllim!

Sizi ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!

Ömrünüz uzun, canınız sağ olsun, əziz Müəllimim!

Nurlanə Telmanqızı,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Milli Mətbuat Günü - 145: Bizim Dağbəyi İsmayılov - əziz müəllimim, bayramınız mübarək - Gallery Image Milli Mətbuat Günü - 145: Bizim Dağbəyi İsmayılov - əziz müəllimim, bayramınız mübarək - Gallery Image


Etiketlər:  Milli Mətbuat Günü Bizim Dağbəyi İsmayılov əziz müəllimim bayramınız mübarək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ