Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2020 11:33
23 iyul tarixində Beynəlxalq Memarlar İttifaqının onlayn Şura iclası keçirilib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, həmin iclasda Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri, Beynəlxalq Memarlar İttifaqının Şura üzvü Elbay Qasımzadə xüsusi bəyanatla çıxış edib.
Bəyanatda deyilir: "Bilirsiniz ki, bu gün bütün dünya koronavirus pandemiyası ilə bağlı böyük problemlər yaşayır və hər kəs bacardığı qədər bu bəlanın öhdəsindən gəlməyə çalışır. Ölkəmizdə də bu xəstəliyin aradan qaldırılması üçün çox işlər görülür və müəyyən irəliləyişlər əldə olunub. Lakin ölkəmizdə hər hansı bir xəstəliklə əlaqəli olmayan başqa bir bəla baş verir.
Bizim toplandığımız bu gün Azərbaycanın ən iri şəhərlərindən biri olan Ağdam şəhərinin işğalı gününün 27-ci ildönümünə təsadüf edir.
Hamınız bilirsiniz ki, bütün bu illər ərzində mən heç vaxt Şuranın tərkibindəki fəaliyyətimi siyasiləşdirməyə çalışmamışam. Demək olar ki, siz hamınız ötən il Bakıda keçirilmiş Forumda olmusunuz və Azərbaycanın nə olduğunu, Azərbaycanlıların kim olduğunu görmüsünüz. Siz Azərbaycan Respublikasının Prezidenti ilə görüşmüsünüz və anlamısınız ki, o müasir, dərin düşünən bir insandır.
Bildiyiniz kimi, bu il iyulun 12-də Azərbaycanın sərhədi Ermənistan tərəfindən hücuma məruz qalmışdır. Bilirsiniz ki, Dağlıq Qarabağ problemi 30 ildir davam edir. Bilirsiniz ki, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycanın ərazi bütövlüyünün qorunması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi mövcuddur.
Bu, bizim problemimizdir və onun öhdəsindən gəlmək üçün bacardığımız qədər çalışırıq. Biz bunu sülh yolu ilə həll etmək istəyirik və bunun üçün lazım olan hər şeyi edirik. Amma iyulun 12-də baş verənlər -Qarabağ deyil. Bu, Qarabağdan bir neçə yüz kilometr məsafədə Azərbaycan ərazisinə hücumdur.
Bizim heç kimə qarşı heç bir ərazi iddiamız yoxdur. Bizim yeganə tələbimiz var - bu, Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılmasıdır. Mən qeyd etmək istəyirəm ki, sizin çoxunuz bu bəlaya səssiz qalmamış və öz məktublarınızla bizi dəstəkləmisiniz. Bunlar bizim dostlarımız - Esa Mohammed, Sherban Tiganas, Muhammad Munyanya, Nikos Fintikakis, Jose Luis Cortes, Vasilis Sgutas, Tan Peng Inn, Jerji Grokhulsky, Isteliana Atanasova, Taufik el Rashidi, Kevin Begham və başqalarıdır. Dəstəyinizə və xoş sözlərinizə görə sizlərə minnətdaram. Onlar bizə gərəklidir və biz onları dostlarımızdan aldıq.
Mən qeyd etdim ki, biz torpaqlarımızın sülh yolu ilə azad olunmasını istəyirik. Amma mən bilirəm ki, əgər bu mümkün olmasa, torpağımızı azad etmək üçün başqa yollar var və biz bu imkanlardan istifadə edəcəyik. Ümid edirəm ki, o zaman sizi tarixi Azərbaycan torpağı olan Qarabağın mərkəzində, həqiqətən belə yüksək qonaqların ziyarət etməsi üçün layiqli olan möhtəşəm Şuşa şəhərində qəbul etmək xoşbəxtliyi bizə nəsib olacaqdır.