Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2020 17:03
Türkiyə ilə Azərbaycan arasında keçirilən irimiqyaslı hərbi təlimlər hər iki ölkənin silahlı qüvvələrinin gücünü, rəşadətini və müdafiəqabiliyyətliliyini göstərdi.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Sevil Mikayılova Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində deyib.
O bildirib ki, hərbi tərəfdaşlıq Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın vacib vektorudur.
Deputatın sözlərinə görə, Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq hər hansı bir ölkə və ya təşkilata qarşı yönəlməyib, bu, iki dövlətin tarixi, mədəni köklərinə və etnik kimliyinə söykənən sülh və tərəfdaşlıq naminə əməkdaşlıqdır: "Azərbaycan üçün Türkiyə ən yaxın müttəfiq və qardaş ölkədir".
S.Mikayılova vurğulayıb ki, Ankara hər zaman Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Bakının ədalətli mövqeyini dəstəkləyib: "Biz son hücumlar zamanı dərhal göstərilən dəstəyə görə qardaş Türkiyəyə minnətdarıq".
Deputatın sözlərinə görə, Türkiyə dəfələrlə Dağlıq Qarabağ münaqişəsini milli məsələ kimi nəzərdən keçirdiyini bəyan edib və Ankara heç vaxt bu məsələ ilə bağlı mövqeyini dəyişməyəcək.
O bildirib ki, iki qardaş ölkə arasındakı münasibətlər bütün dünyada nümunəvidir və bütün sahələrdə ən yüksək səviyyədə inkişaf edir.
S.Mikayılova əlavə edib ki, Azərbaycanla Türkiyə arasında birlik regional əməkdaşlığın bütün formatlarının əsasını qoyur və bu birlik regional sülhə, əməkdaşlığa xidmət edir.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.