Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2020 11:58
Bakı. Trend:
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonu Bala Bəhmənli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş Azərbaycan Respublikası vətəndaşları, Sumqayıt şəhər sakinləri 1985-ci il təvəllüdlü Babayev Cabir Calal oğlu və 1992-ci il təvəllüdlü Şirəlizadə Aqif Ağaseyid oğlu saxlanılmışlar. Saxlanlmış şəxslərin üzərindən 12 kq heroinə və 9 kq 700 qram tiryəkə oxşar narkotik maddələr aşkar edilərək götürülmüşdür. Sərhəd pozucularının narkotik vasitələri Samir və Kazım adlı İran vətəndaşlarından əldə etdikləri məlum olmuşdur.
Bununla yanaşı keçirilmış tədbirlər nəticəsində sərhəd pozucularını qarşılamaq üçün “Daewoo” markalı avtomobillə əraziyə gəlmiş Sumqayıt şəhər sakinləri 1994-cü il təvəllüdlü Ağaseyidli Raqif Vəkalət oğlu və 1997-ci il təvəllüdlü Musayev Tamerlan Telman oğlu şübhəli şəxs qismində saxlanılmışlar. Nəqliyyat vasitəsinə baxış keçirilərkən avtomobilin salonunda 0,032 qram metafetaminə oxşar psixotrop maddə aşkar edilmişdir.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.