Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2020 15:09
"Qoşulmama Hərəkatı (Non-Aligned Movement - NAM) - özlərinin formal olaraq heç bir hərbi bloka tərəf olmadığını bildirmiş dünyanın 120 dövlətinin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır".
Bunu Sonxeber.net-a açıqlamasında politoloq İlyas Hüseynov 1961-ci il sentyabrın 6-da Belqradda təsis edilmiş Qoşulmama Hərəkatının yaranma günü ilə bağlı danışarkən deyib:
"Bu təşkilatın təməli qoyulduğu zaman dövlətlərin qarşısında hər şeydən əvvəl Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) və Varşava Müqaviləsi Təşkilatı ilə yanaşı, Mərkəzi Müqavilə Təşkilatı, Cənub-Şərqi Asiya Müqavilə Təşkilatı (SEATO) və ANZUS-a (Avstraliya, Yeni Zelandiya, Amerika Birləşmiş Ştatları) qoşulmamaq vəzifəsi dururdu. Qoşulmama Hərəkatı rəsmi olaraq 1961-ci ilin sentyabrında Belqrad konfransında yaranmışdır. Hərəkatın yaradılması ideyası 1955-ci ildə Bandunq konfransında (İndoneziya) irəli sürülüb. İosip Broz Tito, Qamal Abdel Naser və Cavaharlal Nehru-nun 1956-cı ildə üçtərəfli məsləhətləşmələri, eləcə də Titonun 1961-ci ilin əvvəlində "Qaleb" gəmisində Asiya və Afrikaya səfəri təşkilatın yaranmasında əhəmiyyətli rol oynadı.
2011-ci ilin may ayından etibarən 1 Avropa - Belarus (Belarus həm də KTMT hərbi təşkilatının üzvüdür), 37 Asiya, 53 Afrika, 26 Amerika, 3 okean daxil olmaqla təşkilata 120 dövlət daxil olmuşdur. Qoşulmama Hərəkatının əsas ideyasının hərbi bloklara qatılmaqdan imtina olunmasına baxmayaraq, Hərəkat üzvləri müntəzəm olaraq müəyyən münaqişələrdə ortaq mövqe nümayiş etdirirlər. Dünya geosiyasətində son on ildə baş verən hadisələr, Hərəkata qatılan ölkələr tərəfindən eyni problemlərə yaxın keçmişdə müşahidə olunmayan fərqli münasibət və yanaşmalara səbəb olmuşdur.
Dövlət və ya hökumət başçısının təmsil etdiyi növbəti konfransın ev sahibi ölkəsi, növbəti üç ildə Hərəkatın sədri olur. Hazırkı dövrə kimi Qoşulmama Hərəkatının 18 Sammiti keçirilmişdir. Sonuncu sammit 2019-cu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçirilib. 4 May 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə təmas qrupu formatında videokonfrans vasitəsilə "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşü keçirilmişdir. Zirvə görüşündə Prezident İlham Əliyev Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Təklif Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən müdafiə olundu. Bu dəstək Hərəkat üzvlərinin öz dəyərlərinə hörmətinin, çoxtərəfli beynəlxalq əməkdaşlığa, multikulturalizmə, qlobal problemlərin yalnız qlobal səylərlə həll oluna biləcəyi düşüncəsinə olan inamının bariz bir nümunəsi idi".
Politoloq qeyd edib ki, Azərbaycanın 3 il Qoşulmama Hərəkatına sədrilk etməsi qərarı Azərbaycana olan hörmətin və inamın göstəricisidir:
"2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv oldu. Qısa müddət ərzində Hərəkatda böyük nüfuz qazanan Azərbaycan 2016-cı ildə qəbul edilmiş qərarla 2019-2022-ci illər üçün sədr seçildi. Şübhəsiz ki, bu qərar 119 ölkənin Azərbaycana olan hörmətinin və inamının göstəricisi idi.
Azərbaycan Prezidentinin xüsusi sessiyanın çağırılması təşəbbüsü ümumən dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəkləndi.
Cari ilin iyulun 10-da BMT-nin pandemiyaya qarşı 31-ci xüsusi sessiyası rəsmi proses kimi başladı. Xüsusi sessiyanın dövlət və hökumət başçıları səviyyəsində ümumi müzakirələrinin keçirilmə vaxtı hazırda Nyu Yorkda ölkələr arasında müzakirə olunur. Xüsusilə qeyd etmək lazımdır ki, Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Azərbaycanın sədrlik zamanı öz prioritetlərini və fəaliyyətini bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən tarixi Bandunq prinsipləri üzərində quracağını bildirdi. Prezident Azərbaycanın sədrlik zamanı Hərəkat üzvlərinin maraqlarını müdafiə edəcəyini, digər təsisatlarla dialoq quracağını və inkişaf etdirəcəyini qeyd etdi.
Azərbaycan sədrlik üçün geniş, əhatəli Fəaliyyət Planı hazırladı. Lakin pandemiya səbəbindən vəziyyət tamamilə dəyişdi. Buna baxmayaraq, Azərbaycan yaranmış vəziyyətə çevik reaksiya verməyi bacardı.
Azərbaycan Qoşulmama Hərəkatına üzv olan ölkələrin Ermənistan-Azərbaycan münaqişəsinə dair ədalətli mövqeyini alqışlayır. Qoşulmama Hərəkatı özünün sənədlərində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, ərazi bütövlüyünə dəstəyini ifadə etmiş və münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin vacibliyini vurğulamışlar.
Təkcə bu il Qoşulmama Hərəkatı Ermənistanın işğal olunmuş ərazilərimizdə təşkil etdiyi "seçki şousu"nu tanımadığını, bunu qanunsuz hesab etdiyini bildirib və Ermənistanın Tovuzda törətdiyi təxribatı pisləyib".
Təhməz Əsədov