Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2020 22:40
Bakı. Samir Əli - Trend:
Ötən illərlə müqayisədə bu il balıq bazarında artım müşahidə edilir.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Həvəskar Balıqçılar İttifaqının sədri Əfqan Əliyev deyib. Onun sözlərinə görə pandemiya ilə əlaqədar ölkədə tətbiq edilən sərt karantin qaydalarına görə bu il qanunsuz balıq ovlamaq da məhdudlaşdırılıb: "Mart, aprel və may aylarında karantin olduğu üçün balıq ovuna da gedən olmadı. Bununla yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də qanunsuz balıq ovuna qarşı mübarizə tədbirlərini gücləndirib, qanunsuz balıq ovunun qarşısı demək olar ki, azalıb. Bu da balıqların sayının artmasına səbəb olub. Artıq sentyabrın 1-dən ölkədə balıq ovuna icazə verilib. Hazırda ölkə bazarlarına çıxarılan balıqların sayında artım var. Əsasən, bazara yerli məhsullar çıxarıldığından balığın qiyməti də ucuzlaşıb. Amma idxal olunan balıq və balıq məhsullarının qiymətində nisbətən bahalaşma var. Eyni zamanda, idxal olunan balıqların da həcmi çoxalıb. Hazırda çalışırıq ki, Azərbaycanda su hövzələrinin sayını artıraq ki, yerli balıqlara daha çox üstünlük verilsin".
Ə.Əliyev deyib ki, Azərbaycanın yerli məhsulu olan Azərbaycanın kütüm balığı Azərbaycandan başqa digər ölkələrdə baha satılır: "Kütüm yeganə balıq növüdür ki, yalnız Xəzər dənizində yaşayır. Son 2 ildə Azərbaycanın su hövzələrində balıq artımı müşahidə olunur. Hazırda su hövzələri də balıqların sayının artırılması ilə bağlı ciddi tədbirlər görülür. Qanunsuz balıq ovu üçün sintetik balıq torlarına ölkəyə idxalının da qarşısı alınıb. Artıq Xəzəryanı ölkələrin Balıqçılar Federasiyaslnı yaratmaq fikrindəyik. Bununla bağlı Xəzəryanı ölkələrin əlaqədar qurumları ilə danışıqlar aparılır. Məqsəd Xəzər dənizinin balıq növləri və digər canlıların qorunmasıdır".
İttifaq sədri bildirib ki, hazırda Xəzəryanı ölkələrdə balıqların qorunmasına nəzarət mexanizmi zəifdir: "Xüsusən, Rusiya tərəfdə, Dağıstan və Astarxanda bu məsələyə nəzarət zəifdir. Ona görə də birləşib federasiya yaratsaq, bu məsələyə nəzarət güclənər".
Ə.Əliyev qeyd edib ki, sovetlər dövründən sonra Azərbaycanda sənaye balıqçılığının inkişafı zəifləsə də, hazırda bu sahə öz inkişaf dövrünü yaşayır.