Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2020 19:40
Bakı. Trend:
Nazirlər Kabineti “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” 2011-ci il 18 iyul tarixli 120 nömrəli və “Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 11 fevral tarixli 40 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə Qərar verib.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu Qərarla Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilərək “inzibati-iqtisadi məhkəmələrin” sözləri “inzibati məhkəmələrin, kommersiya məhkəmələrinin” sözləri ilə əvəz edilib.
Əvvəllər ölkə üzrə mövcud olmuş 5 inzibati-iqtisadi məhkəmənin istifadəsi üçün 10 avtomobil nəzərdə tutulurdu.
Bu Qərarla nəzərdə tutulmuş daha bir dəyişiklikdən sonra isə hazırda ölkə üzrə fəaliyyət göstərən 5 inzibati məhkəmənin istifadəsi üçün 8, 5 kommersiya məhkəməsinin istifadəsi üçün də 8 avtomobilin istifadəsi nəzərdə tutulur.
Bununla əlaqədar olaraq Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” 2011-ci il 18 iyul tarixli 120 nömrəli və “Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 11 fevral tarixli 40 nömrəli qərarlarında müvafiq olaraq dəyişikliklər edilərək uyğunlaşdırılma aparılıb.