Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2019 11:33
Bakı. Trend:
Bakı Ali Neft Məktəbində (BANM) Heydər Əliyev Fondunun və “Technip FMC” şirkətinin nümayəndələri ilə görüş keçirilib. Technip FMC” şirkətinin Azərbaycan üzrə meneceri Luigi Fiorentino, şirkətin ofis meneceri və layihələr üzrə koordinatoru Səbinə Abbasova və BANM-in məsul əməkdaşları iştirak ediblər.
Görüş zamanı BANM-in xarici şirkətlər və universitetlərlə qurduğu əməkdaşlıq, Ali Məktəbin tələbə və məzunlarının qazandığı uğurlar, professor-müəllim heyətinin dərslərə yanaşma tərzi və əməkdaşlığın daha da genişləndirilməsi üzrə müzakirələr aparılıb.
Görüşdə Heydər Əliyev Fondunun Technip FMC şirkətinin Azərbaycan nümayəndəliyi ilə birgə həyata keçirdiyi “Texnoloji biliklərin ötürülməsi üzrə magistratura proqramı” layihəsindən bəhs olunub.
BANM-in rektoru Elmar Qasımov qonaqları Ali Məktəbdə görməkdən məmnun olduğunu ifadə edib. Daha sonra rektor BANM tələbələrinə göstərdiyi etimada görə Heydər Əliyev Fondunun və “Technip FMC” şirkətinin nümayəndələrinə təşəkkürünü bildirib.
Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Soltan Məmmədov layihəyə verdiyi dəstəyə görə rektor Elmar Qasımova təşəkkür edərək vurğulayıb ki, Ali Məktəbin tələbələri hər yerdə yüksək təhsil, bacarıq və davranışı ilə seçilir və ona görə layihə üçün seçimlərdə BANM tələbələri nəzərdə tutulub.
Layihədə BANM-in neft-qaz və kimya mühəndisliyi ixtisasında təhsil alan 4-cü kurs tələbələri iştirak edəcəklər. Layihənin ilkin mərhələsində Azərbaycandan seçilmiş 50 tələbənin kurslarda iştirakı nəzərdə tutulur ki, onlardan da 25 nəfəri BANM tələbələrinin payına düşür. Layihə 3 mərhələdən ibarət olacaq. Birinci mərhələdə 5 modul üzrə 6 həftə ərzində təlimlər keçiriləcək. Təlimlərin sonunda tələbələrə sertifikatlar təqdim olunacaq. İkinci mərhələdə hər modul üzrə nəticələrə əsasən seçilmiş tələbələr İtaliya, Norveç, Fransa və Azərbaycanda 2 ay ərzində ixtisasartırma kurslarında iştirak edəcəklər. 3-cü mərhələdə isə layihədə iştirak etmiş tələbələrin işlə təmin olunması nəzərdə tutulub.
Seçimlər Technip FMC və Heydər Əliyev Fondu, eləcə də universitet nümayəndələri tərəfindən müəyyən olunmuş işçi qrup tərəfindən ediləcək.
Layihənin BANM üzrə koordinasiya işləri Ali Məktəbin Mühəndislik fakültəsinin dekan müavini Rima Quliyevaya həvalə olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin