Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2020 11:09
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya mərkəzlərində oktyabrın əvvəllərindən əlilliyi olan şəxslərin qəbuluna başlanması nəzərdə tutulur.
Nazirlikdən Trend-ə verilən məlumata görə, əhali arasında virusa yoluxma sayının azalması və xəstələrin sağalmasında müsbət dinamika nəzərə alınaraq, əlilliyi olan şəxslərin mərhələli şəkildə reabilitasiya mərkəzlərində stasionar formada qəbulu planlaşdırılır. İlkin mərhələdə pandemiya ilə əlaqədar bərpa müalicəsi yarımçıq qalan, yüksək reabilitasiya potensiallı və daha çox reabilitasiyaya ehtiyacı olan şəxslər, eyni zamanda sağlamlıq imkanları məhdud uşaqlar bərpa müalicəsi ilə təmin ediləçək. Həmin şəxslərin növbəlilik əsasında reabilitasiya müəssisələrinə qəbulu həyata keçiriləcək.
Sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq sosial məsafənin qorunması məqsədi ilə əlilliyi olan şəxslər palatalarda tək yerləşdiriləcək. Ümumilikdə, postpandemiya dövründə bərpa mərkəzlərində əlilliyi olan şəxslərin və işçi heyətinin COVİD-19 infeksiyasından qorunması üçün profilaktik tədbirlərə dair daxili təlimatlar hazırlanıb.