Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2019 16:48
Bakı. Trend:
İyulun 1-də Ümudünya Gömrük Təşkilatının Bakı şəhərindəki Avropa Regional Ofisində Birləşmiş Mİllətlər Təşkilatının (BMT) Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi və ÜGT–nin birgə layihəsi olan "Qlobal Konteyner Daşımalarına Nəzarət Proqramı" çərçivəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün növbəti təlim başlayıb.
Trend-in məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev Azərbaycanın 2011-ci ildə proqrama qoşulduğunu, bu proqram çərçivəsində liman nəzarət qruplarının yaradılması, onların potensialının artırılması, avadanlıqlarla təchizat baxımından mühüm işlər görüldüyünü diqqətə çatdırıb.
Bildirilib ki, Azərbaycan gömrüyü ÜGT və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi ilə sıx əməkdaşlıq edir. 2018-ci ilin 19-23 noyabr tarixində Bakı şəhərində BMT-nin Yaxın və Orta Şərqdə Narkotiklərin Qanunsuz Dövriyyəsi və Aidiyyəti Məsələlər üzrə Alt Komissiyasının 53-cü Sessiyasının və cari ilin 12-14 iyun tarixlərində ÜGT-nin İnformasiya Texnologiyaları/Texnoloji İnnovasiyalar Konfrans və Sərgisinin Bakı şəhərində keçirilməsi, Azərbaycanın 2 il müddətində Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, Avropa Regionu üzrə rəhbəri seçilməsi bunun bariz nümunəsidir.
Əsgər Abdullayev onu da qeyd edib ki, "Qlobal Konteyner Daşımalarına Nəzarət Proqramı" lahiyəsi çərçivəsində ölkəmizin əldə etdiyi uğurlar BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi tərəfindən yüksək qiymətləndirilib.
Komitə sədrinin müavini Avropa və Asiyanın kəsişməsində yerləşən, əlverişli nəqliyyat infrastrukturlarına malik olan Azərbaycanın qanuni fəaliyyətlə məşğul olan xarici ticarət iştirakçıları ilə yanaşı, qaçaqmalçıların da diqqətini cəlb etdiyini, ölkəmizin gömrük orqanlarının qaçaqmalçılığın qarşısının alınması istiqamətində qətiyyətli tədbirlər həyata keçirdiyini bildirib. Qeyd olunub ki, mövcud şərait gömrük əməkdaşlarının iş yükünü artırmaqla yanaşı, onlardan daha çevik reaksiya, yüksək bilik və bacarıqlar, qabaqcıl dünya təcrübəsinin mənimsənilməsini tələb edir və təlimin bu istiqamətdə rolu xüsusilə əhəmiyyətlidir.
BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin regional əlaqələndiricisi Naida Şamilova "Qlobal Konteyner Daşımalarına Nəzarət Proqramı"nın artıq 50 ildir həyata keçirildiyini, bu müddət ərzində uğurlu nəticələrin əldə olunduğunu vurğulayıb. Yerləşdiyi coğrafi məkan baxımından Azərbaycanın transmilli cinayətkarlığa, narkotiklərin qanusuz dövriyyəsinə qarşı mübarizədə mühüm rol oynadığını bildirən Naida Şamilova, ölkəmizin Proqramın vacib tərəfdaşlarından biri olduğunu, bu sahəyə mühüm töhfələr verdiyini diqqətə çatdırıb.
Daha sonra ÜGT-nin ekspertləri Daniel Verdikt və Yan Karnelius Van Ey çıxış edərək təlimdə müzakirə ediləcək məsələlər və onların faydaları haqqında qısa məlumat veriblər.
Qeyd edək ki, 10 gün davam edəcək təlimlərdə ÜGT-nin Konteyner haqqında Konvensiyası, Qanunsuz narkotiklər: istehsalı, ticarəti və paylanması, Riskin qiymətləndirilməsi və idarə edilməsi, Risk indikatorları və digər mövzularda iştirakçılara məlumatlar veriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin