Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2020 18:49
Bakı. Trend:
Nazirlər Kabineti “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarında dəyişiklik edib.
Kabinetdən Trend-ə bildirilib ki, 2019-cu il 2 iyun tarixdə “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. Həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən Qanunun 4.0.5-ci maddəsində nəzərdə tutulan ümumi təhsilin dövlət standartlarını təsdiq etmək üzrə vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Sözügedən Fərmanın 2.4-cü bəndinə əsasən Qanunun 9.2-ci maddəsində nəzərdə tutulan ümumi təhsil proqramını (kurikulumu) təsdiq etmək vəzifəsi isə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə aid edilmişdir.
Sadalanan hallarla əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarında dəyişiklik etməklə, ümumi təhsilin dövlət standartının yeni redaksiyada təsdiq edilməsi zərurəti yaranmışdır.
Bu Qərarla təsdiq edilməsi nəzərdə tutulan ümumi təhsilin dövlət standartının layihəsi qüvvədə olan ümumi təhsilin dövlət standartı ilə müqayisədə həm format, həm də məzmunca təkmilləşdirilmişdir. Belə ki, layihəyə “Şagirdlərdə formalaşdırılan dəyər və səriştələr” adlı bölmə əlavə edilmiş, şagirdlərin İKT savadlılığı, iqtisadi biliklərə yiyələnməsi, tolerantlıq tərbiyəsi istiqamətində standartlar daxil edilmiş, ayrı-ayrı fənlər üzrə qüvvədə olan standartın qismən mürəkkəb müddəaları şagirdlərin potensial imkanlarına uyğunlaşdırılmış, “Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri” “Ümumi təhsilin təşkilinə verilən ümumi pedaqoji tələblər”lə əvəz olunmuşdur.
Bundan əlavə, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tam orta təhsil pilləsində təlimin istiqamətlər üzrə bölünməsi hədəfinin təmin edilməsi məqsədilə tam orta təhsil səviyyəsində tədris edilən fənlər “təmayül siniflərdə” və “qeyri-təmayül siniflərdə” olmaqla qruplaşdırılmış, layihəyə “Tam orta təhsil səviyyəsində təhsilin təşkili” adlı ayrıca bölmə əlavə edilmişdir.