Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2020 10:48
Bu gün Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun təxribatlarına qarşı əks-hücum zamanı müasir döyüş taktikası həyata kecirir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.
O bildirib ki, ordumuzun döyüş taktikası tam müasir tələblərə uyğun aparılır: "Yəni artıq köhnə döyüş üsulları tətbiq edilmir. Azərbaycan Ordusu bu gün müasir texnika və silahla təmin olunub. Bu da döyüşün aparılmasında müəyyən dəyişikliyə və müasirliyə gətirib çıxarır. Hazırda Azərbaycan Ordusu düşmənin uzaqda və dərinlikdə olan atəş nöqtələrinə zərbələr endirir, texniki vasitələri məhv edilir, mövqeləri darmadağın edilir. Orduda olan müasir silahlar buna imkan verir. Müdafiə Nazirliyinin yaydığı videomateriallarda da bunu aydın görmək olur. Bu üsulla aparılan döyüşlər zamanı düşmənə maksimum zərbələr endirərək onları zəiflədir, şəxsi heyətimiz arasında itkiləri minimuma endirir. Mən deyərdim ki, itkilərimiz gözləniləndən də çox azdır. 30 il bir mövqedə möhkəmlənən düşmənin üstünə gedən ordu üçün təbii ki, itkilər qaçılmazdır, lakin müasir texnika və silahlardan istifadə bizim itkilərimizi minimuma endirib. Bu döyüşlər birinci Qarabağ döyüşlərindən xeyli fərqlənir. Çünki həmin vaxt Azərbaycan Ordusu insan gücü ilə döyüşürdü, indi isə texniki imkanlar və dəqiq atəş vasitələrindən istifadə olunur və döyüş tapşırıqları dəqiqliklə yerinə yetirilir".
Polkovnik Azərbaycan Ordusunun daha bir nailiyyətindən də danışıb: "Ermənistanın S-300 zenit raket kompleksinin məhv edilməsində Azərbaycan tarixində ilkdir. Azərbaycan Ordusu müasir texniki vasitələrdən istifadə edərək bu qurğunu məhv etdi. Xüsusi texnikalar vasitəsilə bu qurğunun yeri müəyyənləşdirildi və vuruldu. Ordumuz erməni tərəfə xəbərdarlıq da etmişdi ki, əgər S-300 raket kompleksi Azərbaycan ərazisində hərəkət edərsə, onun yeri müəyyənləşdiriləcək və vurulacaq".