Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2020 14:30
Azərbaycan xalqı çox xeyirxah xalqdır. Məhz ona görə Azərbaycanda onlarla digər xalqların nümayəndələri yaşayırlar, sülh, ləyaqət içində yaşayırlar. Odur ki, mən tam əminəm, ermənilər və azərbaycanlılar o bölgələrdə bir yerdə yaşaya bilərlər. Necə ki, bu gün Azərbaycanın digər yerlərində, necə ki, məsələn Gürcüstanda. Gürcüstanda 300 mindən çox azərbaycanlı və təqribən 200 minə yaxın erməni əhali var. Bəzi kəndlərdə onlar bir yerdə yaşayırlar, bir kənddə. Onların arasında hər hansı bir problem yoxdur. Niyə də bunu burada edə bilmərik?
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bu sözləri Türkiyənin "Haber Türk" telekanalına müsahibəsində aparıcının Qarabağda ermənilərin və Azərbaycan türklərinin bundan sonra birlikdə yaşamasının mümkünlüyü barədə sualını cavablandırarkən söyləyib.
Dövlətimizin başçısı daha sonra deyib: "Mən hesab edirəm ki, biz buna hazır olmalıyıq. Biz xalqlarımızı buna hazırlamalıyıq. Mənim bu gün sizə dediyim sözlər Azərbaycan xalqı tərəfindən qəbul edilir və dəstəklənir. Bu, eyni zamanda, bu gün Dağlıq Qarabağda yaşayan ermənilərə də mənim müraciətimdir. Onlar bilsinlər ki, Azərbaycan xalqı onların düşməni deyil. Sadəcə olaraq, Azərbaycan xalqı öz dədə-baba torpaqlarında yaşamaq istəyir. Buna Azərbaycan xalqının haqqı var. Onlar da yaşasınlar, biz də yaşayaq. Amma bizi qovsunlar, onlar yaşasınlar, bu, ədalətli deyil. Biz buna heç vaxt razı ola bilmərik".
Prezident qeyd edib ki, hər bir müharibə sülhlə nəticələnir, ona görə, indi biz müharibədən sonrakı mərhələyə də baxmalıyıq. "Əgər hər iki tərəfdə güclü siyasi iradə olarsa və beynəlxalq təşkilatlar bu məsələdə bizə kömək edərsə, hesab edirəm ki, buna nail olmaq mümkün olacaq. O qədər də asan olmayacaq. Ancaq biz çalışmalıyıq ki, buna nail olaq", - deyə Azərbaycan Prezidenti vurğulayıb.