Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Britaniya parlamentinin Lordlar Palatasının üzvü

Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Britaniya parlamentinin Lordlar Palatasının üzvü

Tarix: 16 Oktyabr 2020 18:54

Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord Malkolm Brus bu ölkənin Xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi Dominik Raaba məktub ünvanlayıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, o, məktubunda Dağlıq Qarabağ münaqişəsinin daha da gərginləşməsindən narahatlığını ifadə edərək, Böyük Britaniya hökumətini problemin həlli yollarının axtarılmasında dünya birliyi ilə əməkdaşlığa çağırıb.

Məktubda deyilir: "Mətbuatda tez-tez "mübahisəli" kimi təsvir edilən həmin ərazi Azərbaycanın ayrılmaz hissəsidir. 1988-ci ilə qədər ermənilərin azərbaycanlılarla birlikdə yaşadığı və Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ uğrunda iki həftə davam edən şiddətli döyüşlərdən sonra atəşkəs razılaşması əldə olunub. Həmin vaxtda yerli erməni əhalisi erməni millətçilərinin təhriki ilə Dağlıq Qarabağın Ermənistana birləşməsi tələblərini səsləndirməyə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ erməniləri qanunsuz olaraq "müstəqil" qondarma "Dağlıq Qarabağ respublikası"nın yaradılmasına razı oldular. Nəticədə yüz minlərlə azərbaycanlı vətəndaşın qaçqın və məcburi köçkün halına düşməsinə səbəb olan ağır silahlı toqquşmalar baş verdi".

Qeyd olunur ki, Ermənistan Dağlıq Qarabağdakı erməniləri dəstəkləsə də, o, bu ərazini Azərbaycanın ərazisi kimi tanıyır. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Dağlıq Qarabağdan və onun ətrafındakı işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən dörd qətnaməsinə baxmayaraq, 26 ildir ki, vəziyyət demək olar dəyişməz qalıb. "Oktyabrın 10-da Azərbaycan ilə Ermənistan arasında hər iki tərəfin əsir və cəsədlərinin mübadiləsinə icazə verilməsi üçün əldə edilmiş humanitar atəşkəs razılaşmasının pozulması, oktyabrın 11-də Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə və döyüş zonasından tamamilə kənarda yerləşən digər şəhərlərinin Ermənistan tərəfindən raket hücumuna məruz qalması xəbərləri məni çox kədərləndirir və narahat edir. Nəticədə uşaqlar da daxil olmaqla, mülki şəxslər qətlə yetirilib və yaralanıb", - deyə məktubda vurğulayıb.

Etnik erməni azlıqların hüquqlarını qorumaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünü tanıyan qətnamənin qəbul edilməsinin vaxtının çatdığını bildirən Lord Malkolm Brus yazıb: "Beynəlxalq səviyyədə əldə olunmuş atəşkəs yalnız münaqişənin uzadılmasına xidmət edir. Azərbaycanda işləyən və azərbaycanlılarla birgə iş təcrübəsi olan biri kimi əminliklə deyə bilərəm ki, Azərbaycan çox dinc və tolerant insanları olan dünyəvi dövlətdir. Azərbaycanda ləzgilər, talışlar, kürdlər, ruslar və yəhudilər də daxil olmaqla, bir çox etnik azlıqlar birgə yaşayırlar. Həqiqətən də bu ölkədəki yəhudilər əsrlər boyu Azərbaycan müsəlmanları ilə heç bir münaqişə və ya narahatlıq ilə üzləşməyiblər. Azərbaycan böyük bir yəhudi icmasının məskunlaşdığı nadir müsəlman ölkəsidir".

"Mən BMT-nin qəbul etdiyi qətnamələrə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpası və davamlı atəşkəsə, sülhə nail olmaq məqsədilə Böyük Britaniya hökumətini öz nüfuzundan istifadə etməyə çağırıram", - deyə Lord Malkolm Brus məktubunda vurğulayıb.


Etiketlər:  Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir Britaniya parlamentinin Lordlar Palatasının üzvü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ