Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2020 17:33
"Hətta bir insanın ölümü ilə nəticələnən hücum varsa, təcavüzkarı dayandırmaq üçün artıq zamanın yetişdiyi qənaətinə gəlmək lazımdır".
Bunu Sonxeber.net-a açıqlamasında hüquq elmləri doktoru, professor İsaxan Vəliyev deyib.
O bildirib ki, Ermənistanı cəzalandırmaq üçün beynəlxalq hüquqda nəzərdə tutulan qanuni yollardan istifadə etmək lazımdır:
"Azərbaycan dövləti təcavüzkarı dayandırmaq istiqamətində çox böyük işlər görür. Faşist xislətli Ermənistan dövlətini dayandırmaq üçün bütün imkanlarından istifadə edir və bu istifadənin əsas qayəsi ondan ibarətdir ki, Ermənistan bu irticaçı hərəkətlərini dayandırsın, Azərbaycan xalqının apardığı bu Vətən müharibəsinin arealı genişlənərək başqa dövlətlərin bura cəlb edilməsi ilə nəticələnməsin. Azərbaycan dövləti çox böyük səbr, təmkin göstərir. Düşünürəm ki, bunun üçün ancaq beynəlxalq hüquqda nəzərdə tutulan qanuni yollardan istifadə etmək lazımdır. Beynəlxalq hüquqda da bunun iki yolu müəyyənləşdirilib. Birincisi odur ki, Haaqa şəhərində Beynəlxalq Cinayət Məhkəməsi var. Biz üzv dövlət olmadığımız üçün Haaqa məhkəməsinə müraciət etmək hüququnda deyilik. Lakin Cenevrə Konvensiyasına görə, əgər münaqişə sülhə və sabitliyə təhlükə, təhdid yaradırsa, o zaman BMT Təhlükəsizlik Şurasının ixtiyarı var ki, özü öz təşəbbüsü ilə Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etsin və təcavüzkarın cəzalandırılması məsələsini qaldırsın".
İ.Vəliyev onu da qeyd edib ki, Ermənistanın hərbi cinayəti ilə bağlı artıq Azərbaycan dövləti Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib:
"Məlumdur ki, artıq Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə əlaqədar BMT TŞ-nın 4 qətnaməsi var və bu qətnamələr yerinə yetirilmir. Digər tərəfdən də Ermənistanın bizim dinc əhalini, köməksiz insanları, uşaqları iriçaplı silahlardan, ballistik raketlərdən istifadə etməklə qətlə yetirməsi beynəlxalq cinayətdir. Güman edirəm ki, TŞ-ı nəhayət öz sərt mövqeyini nümayaiş etdirəcək və öz təşəbbüsü ilə Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edəcək və Beynəlxalq Cinayət Məhkəməsi Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsini həll edəcək.
Bizim Ermənistana təsir edə biləcəyimiz ikinci həlqə Avropa İnsan Haqları Məhkəməsidir. Bura özümüz müraciət edə bilərik. Çünki biz Avropa Şurasına üzv dövlətik. Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının pozulması ilə əlaqədar həm də Ermənistanın bu kimi əməlləri ilə bağlı dövlətin bu məhkəməyə müraciət etmək hüququnu özündə təsbit edib. Ermənistanın hərbi cinayəti ilə bağlı artıq Azərbaycan dövləti Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. Düşünürəm ki, qısa müddət ərzində bu müraciət öz bəhrəsini verəcək. Artıq dünya dövlətlərində Ermənistana münasibətdə mövqe dəyişib. Azərbaycan öz ərazilərini müzəffər Ordumuzun və Ali Baş Komandanın səyi, siyasəti ilə azad edəcək və həm Bərdədə, həm Gəncədə, həm Tərtərdə, həm də Azərbaycanın digər regionlarında mülki əhalinin qətliamı ilə nəticələnən erməni hücumunun qarşısı alınacaq və onların bu cinayət əməlləri cəzasız qalmayacaq"
Təhməz Əsədov