Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2019 23:36
2019-2020-ci illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” futbol komandası növbəti transferini gerçəkləşdirib.
Trend klubun saytına istinadla xəbər verir ki, “qırmızı-qaralar” Fil Dişi Sahilindən olan futbolçu Kristian Kouakou ilə anlaşıb.
İyirmi səkkiz yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. Kristian futbol həyatına “Toumodi” klubunda başlayıb. O, 2007-ci ildə “Anderlext” Futbol Akademiyasına transfer olub və üç il gənclər komandasında top qovub. 2010-cu ildə “Anderlext”dən ayrılan forvard “Muanqtonq Yunayted”lə (Tailand) müqavilə bağlayıb. K.Kouakou burada keçirdiyi 53 oyunda 22 qol vurub. Uğurlu oyunu ilə fərqlənən Kristian Fransanın “Tours” klubuna transfer edilib. Həmin komandanın uğurları üçün üç mövsüm oynayan hücumçu 94 oyunda 26 dəfə fərqlənməyi bacarıb.
Sonra K.Kouakou Fransada “Kaen” və “Nimes Olimpik” kollektivlərinin formasını geyinib. Forvardın sonuncu komandası Çexiyanın “Karvina” klubu olub.
Xatırladaq ki, “Qəbələ” klubu daha əvvəl Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev və Sadiq Quliyevi heyətinə qatıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin