Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2019 09:51
Bakı. Elçin Mehdiyev - Trend:
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində iyulun 4-də günün ikinci yarısında keçirilən panel iclaslar maraqlı müzakirələrlə yadda qalıb.
Trend-in məlumatına görə, “Qapaq Nan: Ən yaxşı təcrübələrin bölüşülməsi” mövzusunda iclasda əvvəlcə bu irsə aid videoçarx nümayiş olunub.
UNESKO-nun Ümumdünya İrs Siyahısında yer alan Qədim And sivilizasiyası dövrünə aid antik yol sistemi olan Qapaq Nan və ya Əsas And Yolu Argentina, Boliviya, Çili, Kolumbiya, Ekvador və Perunun ümumbəşəri dəyərə malik ortaq tarixi mədəni irsi hesab edilir. Bu irs nümunəsinin qorunması və idarə olunması istiqamətində altı iştirakçı dövlət birgə ciddi iş aparır.
UNESKO-nun Baş direktorunun müavini Ernesto Ottone Ramirez 2014-cü ildə Ümumdünya İrs Siyahısına daxil edilən bu mədəni irs barədə məlumat verib. Bildirilib ki, bu yol bir vaxtlar Cənubi Amerikada nəqliyyat, ticarət və müdafiə xarakteri daşıyıb. Bu layihə mədəni irs nümunələrinin mühafizəsi üçün beynəlxalq əməkdaşlığın aparılması baxımından ən yaxşı nümunədir.
Günün növbəti panel iclası təbii dünya irsi nümunələrinə həsr olunub. İclasda qlobal əhəmiyyətli mədəni irs nümunələrinin regional dəyərləndirilməsi, təbii dünya irsi mülkiyyətlərinin ölkələrin beynəlxalq sərhədləri boyunca yerləşməsi ilə bağlı müzakirələr aparılıb. Məruzəçi Hindistan, Pakistan, Çin sərhədləri boyunca uzanan təbii irs mülkiyyətlərinin çoxunu milli parkların təşkil etdiyini bildirib.
“Dünya İrsi Mərkəzi barədə məlumatın yayılması: İnformasiya və ziyarət yerləri” mövzusuna həsr olunmuş panel iclasda tarixi və mədəni irs abidələrinə ziyarətçilərin daha çox cəlb olunmasına dair fikirlər səsləndirilib. Almaniyanın UNESKO üzrə Milli Komissiyasının təşkilatçılığı ilə keçirilən iclasda mədəni irs nümunələri barədə məlumatların yayılması ilə bağlı informasiya mərkəzlərinin təcrübəsi bölüşdürülüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin