Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AZƏRTAC Ermənistanın Bərdəyə terror hücumları ilə bağlı beynəlxalq KİV-lərə müraciət edib

AZƏRTAC Ermənistanın Bərdəyə terror hücumları ilə bağlı beynəlxalq KİV-lərə müraciət edib

Tarix: 30 Oktyabr 2020 20:20

AZƏRTAC Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə vəhşi terror hücumları ilə bağlı beynəlxalq və regional xəbər agentlikləri təşkilatlarının üzvü olan agentliklərin rəhbərlərinə müraciət edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Dünya Xəbər Agentlikləri Konqresinə (NAWC), Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA), Avropa Xəbər Agentlikləri Alyansına (EANA), İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Milli Xəbər Agentlikləri Birliyinə (UNA) üzv olan agentliklərin rəhbərlərinə ünvanlanan müraciətdə Ermənistan hərbi-siyasi rəhbərliyinin azərbaycanlı mülki əhaliyə qarşı həyata keçirdiyi terror aktlarının davamı olan Bərdə faciəsinin ağır nəticələri barədə məlumat verilir. Həmçinin bu hadisələr fonunda Ermənistan tərəfinin uydurduğu feyk xəbərlərin bəzi beynəlxalq KİV-lərə yol tapmasından narahatlıq ifadə olunur.

Qeyd edilir ki, döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri ətrafdakı şəhər və kəndləri, eləcə də cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə almaqda davam edir. Oktyabrın 28-də Bərdə şəhərinin beynəlxalq səviyyədə qadağan edilmiş kasetli raketlərlə atəşə tutulması nəticəsində uşaqlar, qadınlar və yaşlı insanlar da daxil olmaqla 21 nəfər həlak olub, 70 nəfər yaralanıb, mülki infrastruktura külli miqdarda ziyan dəyib. Bundan bir gün əvvəl - oktyabrın 27-də isə rayonun kəndlərindən birinə edilmiş bənzər hücumda isə beş nəfər, o cümlədən yeddi yaşlı qız həyatını itirib, çoxlu sayda mülki şəxs xəsarət alıb.

"Sentyabrın 27-dən başlayaraq Azərbaycanın şəhər və kəndlərinə edilən vəhşi hücumlar nəticəsində, ümumilikdə, 90 dinc sakin həlak olub, 392 nəfər yaralanıb, 2500-ə yaxın fərdi ev və çoxmənzilli yaşayış binası, həmçinin 420-dən çox mülki infrastruktur obyekti dağılıb və ya ciddi zədələnib. Həlak olanların 11-i uşaq, 27-si qadın, 15-i ahıl şəxsdir. Yaralananlar arasında isə 14 körpə, 36 uşaq, 101 qadın, 45 ahıl şəxs var. Beləliklə, açıq-aşkar görünür ki, bu, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terror aktlarıdır, mümkün qədər çox insanın öldürülməsinə hesablanan müharibə cinayətləridir", - deyə müraciətdə vurğulanır.

Təəssüflə qeyd olunur ki, bu və digər təkzibolunmaz fakt və sübutlara baxmayaraq, bəzi beynəlxalq KİV-lər münaqişənin işıqlandırılmasına yenə də qərəzli yanaşır, təcavüzkarla təcavüzə məruz qalana fərq qoyulmur. Ermənistan tərəfinin feyk məlumatlarına əsaslanan xəbərlər yayılması, eləcə də dinc azərbaycanlı əhaliyə məqsədli hücumlarla bağlı mövqe bildirilməməsi Azərbaycanda haqlı narahatlıq doğurur.

Müraciətdə dünyanın aparıcı xəbər agentlikləri Ermənistanın azərbaycanlı mülki əhaliyə qarşı amansız terror hücumlarına və müharibə cinayətlərinə həssas yanaşmağa, münaqişə barədə həqiqətləri yaymağa çağırılır.

Xatırladaq ki, AZƏRTAC Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) vitse-prezidenti, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) və İslam Əməkdaşlıq Təşkilatı üzvü olan ölkələrin Milli Xəbər Agentlikləri Birliyi Şurasının (UNA), Avropa Xəbər Agentlikləri Alyansının (EANA) üzvüdür.


Etiketlər:  AZƏRTAC Ermənistanın Bərdəyə terror hücumları ilə bağlı beynəlxalq KİV lərə müraciət edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ