Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2020 11:42
"COVİD-ə yoluxanların daha da artma ehtimalı yüksəkdir".
Bunu Sonxeber.net-a açıqlamasında Pandemiya Xəstəxanasının koordinatoru, infeksionist Vüsalə Yaşar deyib.
İnfeksionist bildirib ki, özünüzü qorumaqla, yoluxma sayını azaltmaqla əsgərlərimizi qorumuş olarsınız:
"Bu vəziyyət belə davam etdikcə bir adamın daha çox insanı yoluxdurma ehtimalını da nəzərə alsaq, üstəlik də havaların soyuq keçməsi, insanların ictimiai nəqliyyatda sıxlıqda getməsi, maskanın taxılması qaydalarına bəzilərinin ciddi riayət etməməsi yoluxanların sayının daha da artmasına səbəb olacaq. Üstəlik, əlamətləri olan insanlar var ki, bunu gizlədirlər, heç bir analiz vermirər, izolyasiya qaydalarına da əməl etmirlər ki, bunlar da gözdən yayınmalara səbəb olur və virusun digərlərinə yoluxma ehtimalını artırırlar.
Karantin rejimi niyə sərtləşdirilmir?
Əgər hər şey kontroldan çıxarsa lokal qapanmalardan total qapanmalara, daha ciddi sərt karantin rejiminin olacağı da istisna edilmir. Burada önəmli olan yoluxma sayındakı rəqəmlər deyil. Bilirsiniz ki, birinci mərhələdəki qapanmaların səbəbi var idi. Yəni, sərt karantin o səbəbdən tətbiq edilmişdi ki, xəstəxanalar hazırlanmalı idi bu işə. Biz o dönəmdə hazırlıqsız idik. Personal, xəstəxanaların (Modul tipli xəstəxanalar) hazırlığına zaman əldə etmək məqsədilə sərt karantin rejimi tətbiq olundu. Yəni, bu, əslində yoluxma sayı ilə bağlı bir şey deyildi. Hazırda isə xəstəxanalar tələbatı ödəyə bildiyinə görə karantin rejimi böyük ehtimal ki, sərtləşdirilmir.
Bu qərarlar təbii ki, Operativ Qərargah tərəfindən veriləcək. Əgər xəstəxanalar öz tutumundan (çarpayı sayndan) daha çox xəstə almaq ehtimalı yenə də yaranarsa, böyük ehtimalla o zaman hər hansı bir tədbir üçün yenidən sərt karantin rejiminə gedilə bilər. Amma yüzdə-yüz olacağı ilə bağlı indi heç kim bir söz deyə bilməz. Bu görülən tədbirlər yoluxanların sayının çox, ya da az olması ilə bağlı deyil. Bunlar yoluxmanın qarşısının alınması üçün hər hansı tədbirin görülməsinə zaman əldə etmək üçün olunur.
Vəziyyət çox ciddi ola bilər
Bizim hazırda Vətən Müharibəmiz gedir. Yaralı əsgərlərimizlə COVİD-li xəstələrimiz tamamilə başqa xəstəxanalara yerləşdirilirlər, eyni xəstəxanalar deyil. Amma təbii ki, biz yaralı əsgərlərimizi düşündüyümüz üçün əhaliyə səslənirik ki, özünüzü qorumaqla, yoluxma sayını azaltmaqla əsgərlərimizi qorumuş olarsınız. Çünki iş gedib o tərəflərə qədər çatarsa vəziyyət çox ciddi ola bilər".
Təhməz Əsədov