Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2020 11:27
Sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları nəticəsində işğal altında olan ərazilərimizin əhəmiyyətli hissəsi işğaldan azad olundu. Azərbaycan, Rusiya və Ermənistan siyasi rəhbərləri tərəfindən birgə bəyanatın imzalanması ilə ölkəmizin 30 ildir pozulmuş ərazi bütövlüyü bərpa olundu.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
Deputat bildirib ki, 44 günlük savaş nəticəsində BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsində və ATƏT-in Minsk Qrupunun təqdim etdiyi baza prinsiplərində Ermənitanın üzərinə qoyulan və münaqişənin sülh yolu ilə həllini nəzərdə tutan öhdəliklər məcburi şəkildə yerinə yetirildi:
"Bu öhdəliklərin beynəlxalq hüquq normalarına uyğun şəkildə sülh yolu ilə yerinə yetirilməsi münaqişənin çözülməsi prosesində böyük irəliləyiş ola bilərdi və Ermənistana iqtisadi təcriddən çıxmaqla yeni və davamlı inkişaf perspektivləri vəd edirdi. Lakin 30 il ərzində davam edən erməni inadkarlığı və imkan düşdükdə hansısa bir kritik vəziyyətdən sui-istifadə etməklə öz işğalçılığına rəsmi leqallıq qazandırmaq kimi riyakar niyyətləri Ermənistanı böyük itkilərlə üz-üzə qoydu.
Ermənistanın hərbi potensialının təxminən 70%-i Milli Ordumuz tərəfindən məhv edildi və ya qənimət kimi ələ keçirildi. Döyüş səhnəsində itirilmiş yalnız hərbi texnika, silah və sursatın dəyərinin 3 milyard dollardan çox olduğu bilinir. Döyüşlərdə Ermənistanın 10 mindən çox canlı qüvvə itirdiyi də ehtimal olunur.
Hərbi əməliyyatların gedişində Ermənistan yenə də hərbi cinayətlər törətməkdən çəkinmədi. Döyüş bölgələrindən kənarda və hətta uzaqda yerləşən yaşayış məntəqələrimizi ağır silahlardan raket atəşinə tutmaqla çoxsaylı mülki şəxslərin həyatına son qoydu. Lakin bütün bunlar döyüş meydanında Ermənistana bir anlıq da olsa üstünlük qazandıra bilmədi.
Hərbi əməliyyatların davam etdiyi müddət ərzində Ermənistan beynəlxalq səviyyədə təkləndiyini gördü. Ənənəvi dostları hesab olunan Fransa və digər ölkələrin Ermənistanın xeyrinə hadisələrə təsir etmək cəhdləri boşa çıxdı.
Tarixən öz mütəşəkkilliyi ilə seçilən dünya erməniliyi də Ermənistanın köməyinə gələ bilmədi. Beynəlxalq aləmdə Ermənistan dövlətindən daha güclü hesab olunan erməni diasporu bir neçə terrorçu qrup və beynəlxalq səviyyədə intensiv media dəstəyi təqdim etməkdən başqa ermənilərə heç bir əməli yardım göstərə bilmədi".
Deputat vurğulayıb ki, Ermənilərin Cənubi Qafqaza köçürülməsindən və türk torpaqlarında kompakt yaşamağa başladığı vaxtdan keçən təxminən 200 illik bir dövrdə ərsəyə gətirdiyi və "dənizdən dənizə böyük Ermənistan" kimi mifik təsəvvürlərə əsaslanan "milli ideyası" Azərbaycan reallıqları ilə toqquşmada darmadağın oldu:
"Ermənistanın gələcəyə hesablanmış geosiyasi inkişaf oriyentasiyasında növbəti dəfə qeyri-müəyyənlik yarandı. Ermənistan daxilində ictimai-siyasi münasibətlər gərginləşdi və bu gərginliyin hələ uzun zaman davam edəcəyi gözlənilir.
Erməni ictimai-siyasi düşüncəsində ziddiyyətlər o qədər dərinləşdi ki, bunun hamı tərəfindən aydın görülməsi və yalnız özlərinin görə bilməməsi sadəcə təəccüb doğurur. 44 gün ərzində erməni ictimai fikrində özü özünü təkzib edən iki fikir cərəyanı və iki diametral fərqli baxış bucağının özünü göstərdiyi müşahidə olunur. Nə qədər ki, Qarabağ ərazisində döyüşlər gedirdi, ermənilər öz hakimiyyətini tənqid edərək mənasız ölümlərin qarşısının alınması üçün nəyin bahasına olursa olsun, döyüşlərin dayandırılmasını tələb edirdilər. Elə ki, Ermənistan siyasi rəhbərliyi hərbi əməliyyatların dayandırılması haqqında Bəyanata imza atdı, bütün Ermənistan ayağa qalxdı və döyüşlərin son erməni sağ qalanadək davam etdirilməsini istədilər. Artıq bir neçə gündür ki, Bəyanatdan imtina edilməsi tələbi ilə Yerevanda etiraz aksiyaları davam edir. Bu milli miqyasda özünü inkarla müşaiyət edilən kütləvi psixi pozğunluq əlamətləridir.
Bir sözlə, 200 illik saxtakarlıq və riyakarlıq tarixinin yekunu olan 44 günlük savaşda Ermənistan bu gününü və yaxın gələcəyini uduzmuş durumdadır".