Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2019 16:48
Bakı. Trend:
Azərbaycan avarçəkənləri Beynəlxalq Kanoe İttifaqının himayəsi ilə İtaliyanın Auronso di Kadoro şəhərində keçirilən kayak və kanoe üzrə beynəlxalq turnirdə 7 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, U-16, yeniyetmələr və gənclər kateqoriyalarında təşkil olunan turnirə 15 ölkədən 600-dən çox idmançı qatılıb. Azərbaycanı turnirdə təmsil edən beş idmançımız 200, 500 və 1000 metr məsafələrə yarışlarda mübarizə aparıb.
Avarçəkənlərimizdən Vadim Hüseynov (1999) 1000 metr məsafəyə kanoe yarışında üçüncü yeri tutub. Malxaz Çinçaraşvili (1997) isə 1000 və 500 metr məsafələrə kanoe yarışlarının qalibi olub. O, 200 metr məsafəyə yarışda isə üçüncü yerlə kifayətlənib. Hər iki idmançı cütlüklərin yarışında iki qızıl və bir bürünc medal qazanıblar. Belə ki, 1000 və 500 metr məsafələrə yarışlarda qalib gələn təmsilçilərimiz 200 metr məsafə üzrə mübarizədə üçüncü yeri tutublar.
Yeniyetmələrin yarışında çıxış edən Cumber Çxutiaşvili (2002) 200 metr məsafəyə kayak yarışının qalibi adını qazanıb.
On altı yaşadək avarçəkənlərin mübarizəsində isə Tofiq Bayramov (2004) 500 metr məsafəyə kayak yarışında qalib gəlsə də, 200 metr məsafəyə yarışda ikinci olub. Gülnarə Həmzəyeva (2006) də eyni nəticəni göstərərək qızıl (500 m) və gümüş (200 m) medallara layiq görülüb. Yarışın ən gənc iştirakçısı olan G.Həmzəyevə 2003-cü və 2004-cü il təvəllüdlü rəqiblərinə qalib gəlib.
Beləliklə, avarçəkənlərimiz beynəlxalq turnirdə üç məsafə üzrə kanoe və kayak yarışlarında Azərbaycanın aktivinə 7 qızıl, 2 gümüş və 3 bürünc medal qazandırıblar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin