Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2020 12:44
Bakı. Cani Babayeva - Trend:
Doqquz Azərbaycan gimnastı Kiyevdə keçirilmiş bədii gimnastika üzrə 36-cı Avropa çempionatından medalla qayıdıb.
Bunu Trend-ə bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva gimnastların çıxışını şərh edərkən deyib.
O vurğulayıb ki, bu cür nəticə heç vaxt əldə olunmayıb:
“Bəli, əvvəllər Avropa çempionatlarında medallar qazanmışıq, amma qrup hərəkətlərdə çoxnövçülükdə mükafatlarımız olmamışdı. Bizim qrup hərəkətlərdə komandamız çox gəncdir. 2019-cu ildə Bakıda dünya çempionatı başa çatdıqdan sonra mən yeni komanda yığmağı qərara aldım. Köhnə heyətdən yalnız Zeynəb Hümmətova qaldı. Darya Sorokina da əvvəl yalnız bir yarışda dünya çempionatında iştirak etmişdi. Digər qızlar üçün Kiyev turniri ilk yarış idi”.
M.Vasileva bildirib ki, bu çempionat həm də Arzu Cəlilova üçün böyüklər arasında fərdi proqramda ilk yarış olub:
“Bununla belə o, xoş təəssürat bağışladı. Bürünc medallarla qayıdan gəncləri də xüsusi qeyd etmək istəyirəm. Onlardan Leyli Ağazadə, Nərmin Bayramova və İlona Zeynalova ilk dəfə çıxış edib. Gimnastlarımız yaxşı təcrübə əldə etdi”.
Baş məşqçi bədii gimnastika üzrə 36-cı Avropa çempionatını tarixi hadisə adlandırıb, çünki yarış pandemiya şəraitində təşkil edilmişdi.
Azərbaycan milli komandası çempionatda tamaşaçıları təkcə çıxışları ilə deyil, həm də cəlbedici geyimləri ilə sevindirib. Belə ki, azərbaycanlı gimnastlar yarış meydançasına hər hansı bəzək olmayan geyimdə çıxmışdı. Baş məşqçinin sözlərinə görə, yekunda qrup hərəkətlərdə komandanın geyimi üçün qara rəng seçilmişdi. Bu, həm də Qarabağda baş vermiş hərbi əməliyyatlar nəticəsində həlak olanların, eləcə də pandemiya nəticəsində həyatını itirənlərin xatirəsinə həsr olunmuşdu.
Qeyd edək ki, Azərbaycan milli komandası bədii gimnastika üzrə 36-cı Avropa çempionatında 3 medal qazanıb. Qrup hərəkətlərdə komandamız çoxnövçülükdə gümüş medal, 3 halqa və 2 gürzlə hərəkətlərdə bürünc medala sahib olub. Bundan başqa, Azərbaycan millisi komanda hesabında bürünc medal qazanıb.