Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2020 23:42
Son vaxtlar antibiotiklərdən qeyri-düzgün istifadə olunması halları çoxalıb. Bu yanlışlığın bir səbəbi də yeni növ koronavirusun (COVID-19) bir sıra əlamətlərinin qriplə oxşarlıq təşkil etməsidir. Bəzi hallarda COVID-19-a yoluxan xəstələrin bir çoxu ev şəraitində həkim təyinatı olmadan həmin dərmanları qəbul edir.
Sonxeber.net bildirir ki, Bakıdakı 6 nömrəli poliklinikanın terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova AZƏRTAC-a deyib: "COVID-19 virus mənşəli xəstəlik olduğuna görə həkimin məsləhəti olmadan dərhal antibiotik istifadəsinə heç bir ehtiyac yoxdur. Antibiotik adətən COVID-in ağırlaşması və ikincili infeksiya baş verəndə istifadə olunur, yəni ağciyərdə "buzlu şüşə" görüntüsü olduqda və sətəlcəm zamanı antibiotik təyin edilir. Zərurət olmadıqda onun istifadəsi immun sistemini zəiflədə bilər".
Antibiotikin qəbulundan əvvəl mütləq sınaq aparılmalıdır. İnyeksiya 0,5 millimetr dəri altına yeridilməli və əgər 5 dəqiqə ərzində əks təsir yaranmırsa, deməli, orqanizm həmin antibiotiki qəbul edir. Çalışmaq lazımdır ki, orqanizm xəstəliklə öz gücü hesabına mübarizə aparsın. Ona görə də zərurət olmadığı təqdirdə uşaqların xəstələnməsi zamanı antibiotiklərdən istifadə edilməsi məsləhət görülmür.
"Bəzi hallarda antibiotiklər allergik reaksiya da verə bilər. Ona görə də hər kəs istədiyi antibiotiki istifadə etməz. Elə antibiotiklər var ki, onların müəyyən yaşa qədər uşaqlara vurulması tamamilə qadağandır", - deyə həkim-terapevt bildirib.
Allergik xüsusiyyətləri çox olan antibiotiklərin qəbulu zamanı mütləq göbələk əleyhinə dərmanlar təyin olunmalıdır, əks halda balans pozular və ciddi fəsadlar yarana bilər.