Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Demokratiyanı dəfn edən, ultra-sağçıların ultra-millətçilərin əlində aciz qalan Avropa ölkələri

Demokratiyanı dəfn edən, ultra-sağçıların ultra-millətçilərin əlində aciz qalan Avropa ölkələri

Tarix: 10 Dekabr 2020 13:15

Niderland Parlamenti Fransanın acı təcrübəsini təkrarlayır.

Kommunizm ideologiyasının banisi hesab edilən Karl Marksın 19-cu əsr Avropasında siyasi  reallıqları əks etdirən ifadəsi vardı: "Avropada bir kabus dolanır - inqilab kabusu" deyirdi. Avropada bu gün də kabus dolanır, amma 19-cu əsrdən fərqli olaraq, bugünkü kabus insan haqlarının tanınması, demokratik inkişaf, liberal dəyərlərin tətbiqi üçün deyil. Tam əksinə, indiki kabus insan haqlarının, ifadə azadlığının, demokratik dəyərlərin qəsdinə durub, ovuna çıxıb. Avropa insanının  inqilabi yollarla, canları, qanları bahasına qazandıqları demokratik azadlıqlar bu gün hansısa siyasi qüvvələrin, güc mərkəzlərinin merkantil maraqları naminə qurban verilir, tolerantlıq, multikulturalizm aradan qalxır, parlamentlər ifadə azadlığını, digər insan haqlarını məhdudlaşdıran silsilə qanunlar qəbul edirlər. Əlbəttə, bu hərəkətlərini müxtəlif örtüklərlə gizlədirlər, hədəflərinin avropa insanı deyi, "sivilizasiyadan kənar qalmış digər cəmiyyətlər" olduğunu bəyan edirlər. Amma sonuc dəyişmir, yekunda digər dövlətlərin vətəndaşları kimi, Avropa insanı da bu yanlış qərarların, qeyri-humanist qanunların qurbanına çevrilir. Niderland Parlamentində son günlər keçirilən müzakirələr bu baxımdan çox korrekt nümunəyə çevrilib. İslamofob, ultra-sağçı və ultra-millətçi düşüncə müstəvisində keçirilən, dindaş ermənilərlə həmrəyliyə hesablanan müzakirələrin hədəfi ilk baxışdan Azərbaycan və Türkiyədir. Parlament fraksiyaları Türkiyə və Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasını, qondarma "DQR"in  tanınması, uydurma "suriyalı terrorçular" məsələsinin araşdırılmasını tələb edirlər. Heç şübhəsiz, erməni diasporu və lobbisinin təsiri altında keçirilən bu müzakirələrin birbaşa hədəfi beynəlxalq hüququn tapdanması hesabına olsa da, Azərbaycanın ərazi bütövlüyünün pozulmasıdır. Amma bu müzakirələrin Niderland xalqına, Niderland hökumətinə, ümumilikdə Avropa mıkanına təsiri yoxdurmu? Müşahidələr göstərir ki, "fərqli sivilizasiyaları" hədəfləyən və ilk baxışdan "Avropa dövlətlərinə" fayda gətirən bu qərarlar dünyada ziyanlı, yanlış tendensiyalar formalaşdırır, sonucda bumeranq effekti ilə həmin dövlətlərin özlərini və ümumilkdə Avropa məkanında yaşayan hər kəsi hədəf alır. 

İndi Niderlanda baş verənlər kimi, Fransa da proseslər eyni minvalla başlamışdı. 2013-2014-cü illərdə Fransa parlamentində Xalq Hərəkatı Uğrunda Birlik partiyasının təşəbüsü ilə açılan müzakirələrin hədəfi Türkiyə Respublikası idi. XHUB partiyasının təmsilçisi Valérie Boyer Fransa qanunverici orqanına "Osmanlı Türkiyəsində 1915-ci ildə baş vermiş erməni soyqırımının inkar edilməsinə görə cinayət işinin açılması haqqında" qanun layihəsini təqdim etmişdi. Hədəf türk dünyası idi. Özünə rəqib saydığın dövləti yalan, isbat edilməmiş faktlarla şantaj etmək, beynəlxalq hüquq prinsiplərini pozmaq, zora, gücə arxalanmaq taktikası bu gün Türkiyə Respublikasından daha çox fransız xalqının özünü təhdid edir. 2013-2014-cü ilərdə Fransa Parlamentində əsası qoyulan bu tendensiya ötən illərdə inkişaf edərək gəlmiş, yekun olaraq 2020-ci ildə "Qlobal təhlükəsizlik qanunu"nun və "Milli polis proqramı" kimi mürtəce qanun layihələrinin qəbul edilməsilə yekunlaşmışdır. Sonuncu qanunların hədəfi "sivilizasiyadan geri qalmış digər xalqlar" deyil, fransız xalqının özüdür. Noyabrın 28-də fransız xalqı ayağa qalxdı, Paris daxil olmala bir neçə şəhərdə 10 minlərlə insan küçəyə çıxdı, üsyan etdi, mürtəce qanunlara etirazını bildirdi. Beynəlxalq jurnalist təşkilatları elan etdilər ki, "son bir neçə ildə Fransada demokratik dəyərləri tapdalayan o qədər qanun qəbul edilib ki, artıq Fransa demokratiyanın, ifadə azadlığının, insan haqlarının durumuna  görə Sudan və Suriya ilə yanaşı durur". Göründüyü kimi, İslamofob, ultra-sağçı, ultra-millətçi düşüncə müstəvisində qəbul edilən, tolerantlıq, multikultural dəyərləri heçə sayan, insan haqlarının, ifadə azadlığının məhdudlaşdırılması ilə müşaiyət olunan qərarlar ilkin hədəflərindən asılı olmayaraq, bütün bəşəriyyət üçün təhlükəlidir, sonucda o qərarların qəbuluna şərait yaratmış dövlətlərin və xalqların özlərini də təhdid edir.

Bu gün Niderland Parlamenti də Fransa Parlamentinin acı təcrübəsini təkrarlayır. Beynəlxalq humanitar qanunları tapdalayan, ikili standartlara söykənərək müzakirəyə çıxarılan anti-demokratik, anti-humanist  qanun layihələri bu gün Azərbaycan, Türkiyə əleyhinə olduğu üçün, məhz milli və dini həmrəylik kontekstində  dəstəklənir. Niderland parlamentində bu cəfəng çağırışları, cəfəng layihələrin müəllifləri Martin van Helvert (Xristian Demokratik Çağırış partiyası) də, digər həmfikirləri də  ultra-sağçı və ultra-millətçi qrupların təmsilçilərdirlər (Joel Voordevind -Xristian İttifaqı partiyası, Sven Koopmans -Azadlıq naminə Xalq Partiyası  və sair). Onlar faşist ideologiyasının təbliğatçıları və ermənipərəst qüvvələrin əlaltılarıdırlar. Faşist düşüncəli qrupların bu gün digər dövlət və xalqları hədəfləyən belə qanun və qərarları, sabah Niderland dövlətinin özünə və xalqına qarşı yönələcək. Zatən Niderland xalqının ultra-sağçı, ultra-millətçi düşüncə sahiblərindən, onların terror taktikalı hərəkətlərindən aldığı zərbə az deyil. Bir nümunə ilə bunu isbatlamaq mümkündür.

2020-ci il oktyabrın 10-da Niderland İctimai yayım Birliyi - NOS - əməkdaşlarına qarşı olan təhdid və hücumlardan can qurtarmaq üçün şirkət avtomobilləri üzərindən tanınma nişanlarının-loqoların-yığışdırılmasına qərar verdi. Şirkətin baş redaktoru Marcel Gelauff-ın adından yayılan 15 oktyabr tarixli açıqlamada bəyan edilirdi ki, "alınan tədbir NOS-la yanaşı Niderlandda bütün jurnalistikanın və demokratiyanın acı məğlubiyyətidir. Jurnalistlərin Niderlandda təhlükəsiz fəaliyyəti mümkünsüz olub. Media işçilərinin təhlükəsizliyi siyasətçilərin və polisin gündəmindən çıxıb. Onlar başqa işlərlə məşğuldurlar. Niderland daxil olmaqla, Avropa ölkələrində - 'təhlükəsiz' demokratiya adlandırdığımız Qərbi Avropada - jurnalistlərə qarşı təcavüzlər görünməmiş bir səviyyədə artıb. NOS kimi məsuliyyətli bir media qurumunun öz loqotiplərini, etimad və keyfiyyətli jurnalistika işarəsini təhdidlər səbəbindən silmək qərarına gəlməsi çox qorxuludur. Biz ultra millətçi və ultra-sağçıların əlində aciz qalmışıq".

Müşfiq Ələsgərli


Etiketlər:  Demokratiyanı dəfn edən ultra sağçıların ultra millətçilərin əlində aciz qalan Avropa ölkələri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ