Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhid anası: Vətən sevgisi oğlumu arzuladığı zirvəyə ucaltdı - VİDEO - FOTO

Şəhid anası: Vətən sevgisi oğlumu arzuladığı zirvəyə ucaltdı - VİDEO - FOTO

Tarix: 11 Dekabr 2020 21:46

Vətən müharibəsindəki şanlı qələbəmiz müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində qazanılıb. Otuz ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın azadlığı yolunda qəhrəman zabit və əsgərlərimizin bir qismi şəhid, bir qismi isə qazi oldu. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlardan biri də Ağdam rayon sakini Toğrul Murtuzayevdir.

Milli.Az bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri şəhid Toğrul Murtuzayevin evinə baş çəkib, ailə üzvləri ilə həmsöhbət olub. Şəhid anası Mahirə Murtuzayeva deyir ki, Toğrul uşaq yaşlarından Vətəni sevən olub. Məhz bu sevgi də onu arzuladığı şəhidlik zirvəsinə ucaldıb.

"Çox gözəl bir övlad idi. Mənim arxam, dayağım idi. Vətənini çox sevirdi. Hər sözünün başı Ana Vətən idi. Ən çox xoşladığı mahnılar "Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim" və "Qalx-qalx ulu torpaq" idi. Vətənpərvər oğul idi. Vətən müharibəsində Ağdamın ilk şəhidi oldu. Sentyabrın 27-də Suqovuşan istiqamətində gedən döyüşdə Vətən yolunda şəhidlik zirvəsinə yüksəldi. Öz arzusuna çatdı. Belə bir oğul yetişdirdiyim üçün fəxr edirəm. O oğul mənim başımı uca elədi".

Toğrulun qohumu Eyvaz Qarayev deyir ki, onun ən böyük arzusu Vətən torpaqlarının azad olması idi. Vətən yolunda da canını fəda verdi. "Toğrul orta məktəbdə yaxşı oxuyan şagirdlərdən idi. Vətənini, xalqını sevən idi. Döyüşlərdə tankçı kimi iştirak etdi və Vətən müharibəsinin ilk günü şəhid oldu. Müzəffər Ali Baş Komandanımız sağ olsun. Onun rəhbərliyi ilə ordumuz işğal altında olan torpaqlarımızı azad etdi. Xalqımız var olsun, şəhidləri uca tutur. Bütün şəhid anaları qarşısında baş əyirəm".

Toğrul Murtuzayev həyatda hər kəsin hörmətini, rəğbətini qazanmışdı. İş yoldaşı Namiq Davudov onun qabiliyyətli, özünə hörmət edən, ailəcanlı, qayğıkeş və ən əsası vətənpərvər bir gənc olduğunu deyir: "Vətən müharibəsi başlamazdan öncə Toğrul işi buraxıb könüllü olaraq orduya getdi. Dedi ki, torpaqlarımızı azad etmək bizim borcumuzdur. Vətən uğrunda canını, qanını əsirgəmədi. Şəhidlər ölməyib, onlar hər zaman bizim qəlbimizdədir".

Şəhid Toğrul Murtuzayev Ağdam rayonunun Quzanlı qəsəbəsində dəfn edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin...

Milli.Az


Etiketlər:  Şəhid anası Vətən sevgisi oğlumu arzuladığı zirvəyə ucaltdı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ