Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2020 23:56
Hərb meydanında dünyaya səs salan xüsusi təyinatlılarımız Vətən müharibəsində öz qəhrəmanlıqları ilə yaddaşlara həkk olundu. Belə igidlərimizdən biri də İmişlidən olan şəhid Nemət Cavadlıdır. 25 yaşlı qəhrəmanımız Vətən müharibəsində düşmənə sözün əsl mənasında cəhənnəmi yaşadıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 25 yaşlı şəhid Nemət hələ kisik yaşlarından hərbçi sənətinə marağı ilə seçilib.
Şəhidin həyatından danışan anası Afət Cavadova deyib: "Nemət xalqına, dövlətinə bağlı çox vətənpərvər övlad idi. Orta məktəbdə tarix fənnini yaxşı oxuyurdu. Böyüyəndə hərb həyatını seçdi. Nemətin çox arzusu vardı, amma ən böyük arzusu vətənlə bağlı idi. Nişanlı idi, demişdim ki, qələbədən sonra toyunu edəcəyik. Amma noyabrın 1-də onun tabutu gəldi. O, vətənin azadlığı uğrunda döyüşməyi və şəhid olmağı üstün bildi".
Şəhidin atası Cavid Cavadov bildirib ki, Nemət fədakarlığı ilə seçilirdi: "Ən böyük arzusu vətənə xidmət etmək idi. O, hərbi xidməti bitirdikdən sonra yenidən vətənin xidmətinə yollandı, gizirlik məktəbini oxudu. Əvvəlcə zirehli texnika komandiri idi. Daha sonra xüsusi təyinatlılara seçildi. Xidməti dövründə də nizam-intizamına görə bir neçə dəfə fəxri fərmanla təltif edilib. Şəhid olduqdan sonra döyüşçü yoldaşları Nemətin qəhrəmanlığından qürurla danışır. Nemət atıcı silahdan əlavə, başqa bir silahdan da istifadə edirdi. Həmin silahla Nemət düşmənin 5 tankını, həmçinin iki hərbi maşınını içərisində canlı qüvvə olmaqla məhv edib. Nemətin 35 günlük döyüş yolu Kəlbəcər ərazisindən başlayıb. Daha sonra Füzuli, Cəbrayıl rayonlarının alınmasında iştirak edib. Daşaltı uğrunda gedən döyüşlərdə də fəal iştirak edib. Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Nemətin xilas etdiyi döyüşçü yoldaşı Heydər Nuriyev deyib: "Kəlbəcər istiqamətində tapşırıq var idi, 4 gün bir yerdə olduq. Yeni tapşırıq gəldi, əvvəlcə Füzuli, daha sonra Cəbrayıl istiqamətində birlikdə vuruşduq. Cəbrayılda mən yaralandım, sonuncu görüşüm Nemətlə elə orada oldu. Mən hospitalda olanda Nemətin şəhid olduğu xəbərini aldım. Onun şəhid olmağına inana bilmirdim, bir neçə gün özümə gələ bilmədim".