Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2020 14:48
Bakı. Samir Əli - Trend:
Fövqəladə Hallar Nazirliyi qurumun Tibb Mərkəzinə məxsus, koronaviruslu xəstələr üçün nəzərdə tutulmuş modul tipli xəstəxanada yanğınla nəticələnmiş partlayış baş verməsi barədə xəbərlərlə bağlı məlumat yayıb.
FHN-dən Trend-ə verilən məlumatda bildirilir ki, yayılan məlumatlar tamamilə əsassızdır: “Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinə məxsus, koronaviruslu xəstələr üçün nəzərdə tutulmuş, Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanada hər hansı hadisə baş verməyib. Təəssüf edirik ki, bəzi media orqanları heç bir dəqiqləşdirmə aparmadan, burada müalicə olunan şəxslərin ailə üzvlərini və yaxınlarını belə nəzərə almadan, bu cür yalan və böhtan xarakterli məlumatlar yayır. Bir daha qeyd edirik ki, xəstəxanada ölümlə nəticələnən hər hansı qəza və ya partlayış hadisəsi baş verməyib. FHN media nümayəndələrini bu cür xəbərləri yayarkən həssaslıq nümayiş etdirməyə, cəmiyyətdə çaşqınlıq və təşviş yaratmamağa, məlumatları nazirliklə dəqiqləşdirməyə çağırır”.