Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2020 22:42
Bu xəstəlikdə ən birincisi panikaya düşmək lazım deyil. İkincisi, virusa yoluxan şəxslər sahə həkimləri ilə əlaqə saxlamalıdılar. Əlaqə saxladıqdan sonra həkimlə məsləhət almadan bu xəstəliyə başqa heç bir müdaxilə olunmamalıdır. Vitaminlərin verilməsinin məqsədi də yalnız immuniteti gücləndirməkdir.
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, Səhiyyə Nazirliyinin (SN) İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Səbinə Babazadə bildirib.
Evdə müalicə alan koronaviruslu xəstələrə dərmanların verilməsinin dayandırılması, yalnız şəhid ailələrinə bu dərmanların verilməsi barədə səslənən fikirlər münasibət bildirən şöbə müdiri deyib ki, nazirliyin qərarına əsasən, evdə müalicə olunan xəstələrə yalnız vitaminlər verilir: "Əhali yanlış olaraq düşünür ki, biz koronavirusun müalicəsi üçün lazım olan və olmayan bütün dərmanları veririk. Halbuki nazirlik tərəfindən verilən dərmanlar yalnız Vitamin C, Vitamin D, maqnezium, selen, sink və hərarət salmaq üçün parasetamol dərmanlarıdır".
Onun sözlərinə görə, kompleks vitaminlər ona görə verilir ki, insanlar az simptomlu, yüngül gedişatlı xəstəlik zamanı yalnız vitamin kompleksi və hərarəti salmaqla fəsad olmadan yaxşı nəticə əldə etsin: "Amma bizdə bəzi adamlar özlərinə antibiotiklər, dərmanlar təyin edirlər və tələb edirlər ki, bu dərmanlar verilsin. Bu, çox yanlış fikirdir, düzgün deyil. Həkimlə məsləhət etmədən heç bir dərman qəbul edilməməlidir, xəstə həkimin nəzarətində olmalıdır ki, müalicə necə aparılsın, nələr edilsin və s".
S. Babazadə qeyd edib ki, poliklinikalar tərəfindən yalnız ilkin mərhələdə az simptomlu insanların hamısına həmin dərman kompleksi verilir: "Dərmanların yalnız şəhid ailələri, imtiyazlı ailələrə verilməsi ilə bağlı qərarlar yoxdur. Evdə müalicə olunma ilə bağlı əvvəlki qərar davam edir. Əgər bir xəstədə ağırlaşma olubsa, ona hansısa daha ağır müalicə lazımdırsa, bu, o deməkdir ki, həmin xəstə stasionara getməlidir. Bir ailənin bir neçə üzvü virusa yoluxubsa və xəstəliyi yüngül simptomlarla keçirirsə, hər birinə evdə müalicə üçün lazım olan dərmanlar verilir".