Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aspirin virusdan qorumur, amma COVID-ə yoluxanlarda... - Həkim RƏYİ

Aspirin virusdan qorumur, amma COVID-ə yoluxanlarda... - Həkim RƏYİ

Tarix: 9 Yanvar 2021 22:12

Son zamanlar koronavirus müalicəsində ən çox adı hallanan dərmanlardan biri də Aspirindir. Bir çoxları Aspirini koronavirusdan qoruyucu olaraq da qəbul edir. Mütəxəssislər isə onun virusdan qorumaq kimi özəlliyinin olmadığını vurğulayırlar.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Türkiyədən olan daxili xəstəliklər üzrə mütəxəssis, dosent Ayhan Leventin sözlərinə görə, nəzarətsiz şəkildə Aspirin qəbulu bir çox fəsadlara, həmçinin mədə və bağırsaq qanamalarına səbəb ola bilər. Onun sözlərinə görə, bu dərman yalnız həkim təyinatı ilə qəbul olunmalıdır.

Aspirinin Covid-19-a yoluxanların müalicəsində müsbət təsir göstərdiyini qeyd edən mütəxəssis bildirib ki, bu dərmanın Covid-19-dn qoruyucu bir təsiri yoxdur:

"Aspirin Covid-19 xəstələrində laxtalanma riskini azaldır. Dünyada laxtalanmaya qarşı ən çox istifadə edilən dərmanlardan biridir. Bir araşdırmaya görə, Aspirin yüksək risk qrupunda olan Covid xəstələrində reanimasiyaya düşmə, süni nəfəs aparatına bağlanma hallarını azaldır. Bir araşdırmada isə məlum olub ki, Aspirin damar xəstəliyi ilə bağlı ölümləri 15 faiz, ölümcül olmayan damar xəstəliklərini isə 30 faiz azaldır. Aspirin bu məlum effektinə görə tromba qarşı terapiyada ən vacib dərman kimi təyin olunur".

Laxtalanmaların Covid-19 xəstəliyinin müalicəsində qarşılaşılan əsas çətinliklərdən olduğunu qeyd edən A.Levent deyib ki, laxtalanma bədəndəki damarların istənilən yerində əmələ gələ bilər. Xüsusilə, ağciyər və ürəkdə olan laxtalanmadan çox qorxulur. Ağciyər damarlarında laxtalanma pulmonar emboliya adlandırılan, nəfəs almaqda çətinlik yaradan bir xəstəliyə, ürək damarında olan laxta isə ürəyə atılırsa, infarkta səbəb ola bilər. Bundan əlavə, laxtalanma ayaqdakı damarlarda tıxanıqlıq yarada, beyin damarlarında tromb yaradıb iflicə səbəb ola bilər.

O, xüsusən 50 yaşdan yuxarı diabet, ürək xəstəliyi, hipertaniya, insult anamnezi olan xəstələrdə Covid-19-un müalicəsi zamanı 100 mq kimi aşağı dozalarda Aspirin müalicəsinə başlanmasının lazım olduğunu ifadə edərək, vurğulayıb ki, bu dərmanın Covid-19-a yoluxanların müalicəsində faydalı olsa da, virusa qarşı qoruyucu təsir göstərmir. Bu səbəbdən Aspirin Covid-19 yoluxmasının qarşısını almaq üçün istifadə edilməməlidir.

Onun sözlərinə görə, Aspirin yalnız həkim təyinatı əsasında istifadə edilməlidir. Aspirinin nəzarətsiz qəbulu böyüklərdə mədə və bağırsaq qanamalarına, uşaqlarda isə ölümcül bir xəstəlik olan Reyn sindromuna səbəb ola bilər.

Milli.Az


Etiketlər:  Aspirin virusdan qorumur amma COVID ə yoluxanlarda Həkim RƏYİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ