Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2021 12:18
Bakı. Trend:
Bakı Ali Neft Məktəbinin (BANM) Neft Mühəndisləri Cəmiyyətinin Tələbə Bölməsi tərəfindən beynəlxalq “Petrobowl” yarışının universitetlərarası çempionatı təşkil edilib.
İlk onlayn çempionatda Bakı Ali Neft Məktəbini, eləcə də yerli və xarici universitetləri təmsil edən 18 komanda iştirak edib. Eyni zamanda, Azərbaycan, Pakistan, Yunanıstan, Əlcəzair və Rusiya ali təhsil müəssisələrindən də tələbələr yarışa qatılıb.
Neft sənayesinə aid sualları əhatə edən intellektual yarışmada suallara ən tez və doğru cavab verən komandalar qalib gələrək növbəti tura vəsiqə qazanıb. Mübarizənin sonunda üç komanda qalib elan edilib.
Yarışda BANM-in “Wildcatters” komandası 121 bal toplayaraq yarışın qalibi olub.
“Wildcatters” komandasının üzvləri Neft-Qaz mühəndisliyi ixtisasının tələbələri Xalid Orucov, Rəhimə Abbasova, Eldar Əsgərov və Elnur Əskərovdur.
Fransız-Azərbaycan Universitetinin (UFAZ) “Wingineers” və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Alpha Team” komandaları müvafiq olaraq II və III yerləri bölüşüblər.
Qeyd edək ki, SPE International - Beynəlxalq Neft Mühəndisləri Birliyinin tələbələrin inkişafı üzrə həyata keçirdiyi proqramlardan biri beynəlxalq "PetroBowl" yarışmasıdır. Bu yarışmada tələbələr komanda şəklində iştirak edirlər. Yarışma bir neçə mərhələdən ibarətdir və hər bir mərhələdə iştirakçı komandalar texniki və qeyri-texniki suallara cavab verirlər. Yarışma 2002-ci ildən bəri öz miqyasına və populyarlığına görə seçilir. 2015-ci ildə yarışmanın 6 regionda təşkil olunması ilə beynəlxalq statusu təmin olunub.
Beləliklə, "PetroBowl" Çempionatı hər il beynəlxalq səviyyədə müxtəlif ölkələrdə keçirilir və səkkiz regiondan səkkiz komanda bu yarışda iştirak edir. Regionlardan hansı komandanın beynəlxalq yarışa vəsiqə qazanacığı "PetroBowl" Regional Çempionatında müəyyən edilir.