Tarix: 17 Iyul 2019 11:44
2018-ci ildə “ağıllı” qurğular (saat, smart televizorlar, uşaq oyuncaqları, video qeydiyyatçı və soyuducular) ötən illə müqayisədə 4 dəfə daha çox virus hücumuna məruz qalıblar. "Doktor Veb" antivirus laboratoriyası bu məlumatı paylaşıb.
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, analitiklərin fikrincə, bu il hücumların sayı artacaq. Yalnız ilk 6 ayda 71,5 milyon belə hal qeydə alınıb, dekabrın sonuna isə belə hücumların sayı artıq 100 milyonu ötə bilər
Zərərverici proqramlar “Əşyalar interneti”nin (IoT) işini bloklaya və cinayətkarlar onlar üzərində nəzarəti ələ keçirə bilərlər.
Antivirus şirkəti tərəfindən keçirilmiş təhlil nəticəsində məlum olub ki, cinayətkarlar DDoS hücumların həyata keçirilməsi üçün troyan viruslarından aktiv istifadə edirlər.
Sahibindən xəbərsiz “ağıllı” qurğuları idarə etməyə, istifadəçilərin məlumatını oğurlamağa, onların işləmə alqoritmlərini dəyişdirməyə imkan verən zərərverici proqram təminatı, həmçinin populyardır. Bundan başqa, qurğu sahiblərindən xəbərsiz kriptovalyuta mayninqinə imkan verən proqramlar populyarlaşır.
Emil Hüseynov