Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ombudsman Avropa Şurası nümayəndə heyətini qəbul edib (FOTO)

Ombudsman Avropa Şurası nümayəndə heyətini qəbul edib (FOTO)

Tarix: 17 Iyul 2019 20:44

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Avropa Şurası Gender bərabərliyi bölməsinin rəhbəri xanım Caterina Bolognese, Gender bərabərliyi şöbəsinin bacarıqların artırılması və əməkdaşlıq layihəsi bölməsinin məsləhətçisi xanım Sara Haapalainen və onları müşaiyət edən Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyeşdən ibarət nümayəndə heyətini qəbul edib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, müvəkkil 2001-ci ildən Avropa Şurasının üzvü olan Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin icrası istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini, həmin öhdəliklərdən biri kimi ölkədə ilk Ombudsman təsisatının yaradıldığını, ötən müddət ərzində bu qurumun özünü səmərəli hüquq müdafiə mexanizmi kimi təsdiq etdiyini, Ombudsman təsisatının yaradılması, mandatı, qlobal və regional beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə səmərəli əməkdaşlığın qurulduğunu, insan hüquqları sahəsində birgə layihələrin həyata keçirildiyini qonağın diqqətinə çatdırıb.

Qeyd olunub ki, BMT-nin 1993-cü ildə Vyanada keçirilmiş insan hüquqları üzrə ilk qlobal konfransında fəaliyyət proqramı qəbul edilib və burada göstərilir ki, qadınlara münasibətdə zorakılıq BMT-nin qarşısında qoyulan məqsədlər, bərabərlik, inkişaf və sülhə nail olmaqda ən çətin maneələrdəndir. Nəhayət, 20 dekabr 1993-cü ildə BMT-nin Baş Assambleyası Qadınlara qarşı zorakılığın aradan qaldırılmasına dair Bəyannamə qəbul edib və bu sənəd 1995-ci il qadınların IV Ümumdünya Konfransının Pekin platforması ilə birgə bütün dünyada zorakılıqla mübarizənin təməl əsasıdır. Vyana konfransı həm də hər bir dövlətə insan hüquqları ilə bağlı milli fəaliyyət planı qəbul etməyi tövsiyə edib.

Müvəkkil qeyd edilən məsələlərə dair, o cümlədən gender bərabərliyinin təmin olunması məsələsinə mühüm diqqət yetirdiyini və əhalinin digər qruplarının hüquqları ilə yanaşı, qadın hüquqlarının daha etibarlı müdafiəsi və təbliği, o cümlədən onların ölkənin ictimai-siyasi həyatında iştirakının dəstəklənməsi, qadın və kişilər arasında bərabər imkanlara nail olunması istiqamətində davamlı, əhatəli və sistemli tədbirlər həyata keçirdiyini söyləyib.

Diqqətə çatdırılıb ki, təhsilin gender bərabərliyi və qadınların səlahiyyətlərinin genişləndirilməsini təmin edən ən qiymətli vasitələrdən biri olduğunu nəzərə alaraq, Ombudsmanın təşəbbüsü ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “İnsan hüquqları” və “Genderə giriş” fənləri tədris edilir, mühazirələr toplusu hazırlanıb.

E.Süleymanova ötən dövrdə BMT QAK-la birgə Bakı, Gəncə, Goranboy, Mingəçevir və digər şəhər və rayonlarda salınmış məcburi köçkün qəsəbələrində keçirilən təlimlərdə minlərlə məcburi köçkünə təlimlər keçirildiyini, hər biri 3000 nüsxədə “Məişət zorakılığının qarşısını alaq” adlı vəsait, həmçinin “mühafizə orderi” haqqında məlumatları əks etdirən liflet və broşurların çap edilərək paylandığını bildirib.

Vurğulanıb ki, fəaliyyəti dövründə Müvəkkilin insan hüquqlarının səmərəli təmininə yönəlik 700-dək təklifi səlahiyyətli dövlət qurumlarına təqdim edilib, onların böyük əksəriyyəti artıq təmin olunub. E.Süleymanova söyləyib ki, Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansı (GANHRİ) tərəfindən Ombudsmanın gender sahəsində gördüyü fəaliyyət müsbət təcrübə kimi qiymətləndirilib.

Müvəkkilin təşəbbüsü və BMT-nin Əhali Fondunun dəstəyi ilə uşaqların vaksinasiyası, ana südü ilə qidalanmanın müsbət tərəfləri, narkomaniyaya və məişət zorakılığına qarşı maarifləndirici liflet və bröşurların hazırlanaraq əhalinin müxtəlif qrupları arasında paylandığı nəzərə çatdırılıb.

Paytaxtda və regionlarda məcburi köçkünlər üçün yeni salınmış qəsəbələrdə icma əsaslı xidmətin təşkili üzrə böyük müsbət təcrübədən istifadə etməklə reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə məlumatlandırmanın həyata keçirildiyi də qeyd edilib.

Ombudsman “Təhsildə ayrı-seçkiliyin qadağan edilməsi”, “Əlillərin hüquqlarının müdafiəsi haqqında” Konvensiyaların ölkəmiz tərəfindən imzalandığı və ratifikasiya edildiyini diqqətə çatdırıb. O, habelə Avropa Şurasının Uşaqların cinsi istismar və sui-istifadədən müdafiəsinə dair Konvensiyasının, habelə Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında (İstanbul) Konvensiyasının Milli Məclis tərəfindən ratifikasiya edilməsini təklif etdiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, insan hüquqlarının milli və beynəlxalq qanunvericiliyə uyğun müdafiəsi, bu istiqamətdə potensialın gücləndirilməsi, eləcə də, ölkədə hüquqi təminat sisteminin müasir standartlarına uyğun inkişaf etdirilməsi və digər sahələrdə paytaxt və regionlarda müntəzəm maarifləndirmə tədbirləri həyata keçirilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin insan hüquqlarının təmin olunması sahəsində həyata keçirdiyi uğurlu islahatlar nəticəsində yeni qanunvericilik aktları, sərəncamları ilə Milli Fəaliyyət Plan və Proqramları qəbul edilmiş və yeni qurumlar yaradılıb. 2011-ci ildə sonuncu qəbul olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 2.15-ci bəndində qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə bağlı mübarizənin gücləndirilməsi, bu cür zorakılığın qurbanları üçün hüquqi müdafiə vasitələrinin, zəruri kompensasiyanın, reabilitasiyanın, tibbi və psixoloji yardımın təmin olunması sahəsində tədbirlərin səmərəliliyinin artırılması bir məqsəd kimi qarşıya qoyulub.

Ombudsman Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icra vəziyyətinin monitorinqi məqsədilə ölkənin bütün rayon və şəhərlərində deputatların, yerli icra hakimiyyəti, məhkəmə və hüquq-mühafizə orqanlarının, bələdiyyələrin, yerli QHT-lərin, KİV-lərin, o cümlədən qaçqın və məcburi köçkünlərin, etnik azlıqların yerli icmalarının nümayəndələrinin iştirakı ilə geniş ictimai dinləmələr keçirildiyini, nəticələrin təhlil edilərək ümumiləşdirildiyini və müvafiq dövlət qurumlarına tövsiyələrlə müraciət edildiyini qeyd edib.

E.Süleymanova BMT-nin Əhali Fondu ilə birgə ölkəmizdə “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində Lənkəran, Şəki, Gəncədə keçirilmiş, Quba rayonunda isə nəzərdə tutulan respublikamızın iqtisadi və sosial inkişafı, əhalinin problemlərinin həlli, habelə insan hüquqları sahəsində əldə etdiyi uğurlara əsaslanaraq insan hüquqları üzrə Milli Fəaliyyət Proqramı və Dayanıqlı İnkişaf Məqsədləri nəzərə alınmaqla vəziyyətin daha da təkmilləşdirilməsi üzrə tövsiyələrin müzakirə olunması məqsədilə regional konfransların davam etdirildiyini bildirib.

Ombudsman onun təşəbbüsü ilə Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Uşaq hüquqları üzrə Pilləli Tədris proqramının xüsusiyyətləri, uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində geniş fəaliyyəti, bu sahədə UNICEF və BMT-nin Uşaq Hüquqları Komitəsi ilə səmərəli əməkdaşlıq əlaqələri, həmçinin uşaq hüquqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, uşaqların, valideynlərin və onlarla işləyən şəxslərin maarifləndirilməsi, uşaq hüquq pozuntularının və uşaqlara qarşı zorakılığın aradan qaldırılması, “Uşaq Hüquqları Aylığı”nın keçirilməsi barədə qonaqlara məlumat verib.

Müvəkkil son illər respublikamızda qadın hüquqlarının təmini, müxtəlif sahələrdə çalışan fəal və peşəkar qadınların imkanlarını genişləndirməyə şərait yaradan, siyasi karyera üçün təlim və treninqlərin keçirilməsi, cəmiyyətdə qadınlara qarşı genderə həssas münasibətin təbliğinin aparılması, qadın sahibkarlığının inkişafı, onların təşəbbüskarlıq, liderlik, özünüməşğulluq imkanlarının artırılması, seçkilərdə, ictimai həyatda, qərar qəbuletmə işində qadın və kişilərin bərabər iştirakının əhəmiyyəti barədə ictimai məlumatlılığın artırılması, qadınların iqtisadi asılılığının, istismarının aradan qaldırılması, qadın qeyri-hökumət təşkilatları ilə dövlət qurumları arasında dialoq və əməkdaşlığın yaradılması üzrə təklif və tövsiyələr irəli sürdüyünü bildirib.

Suallara cavab verərək, E.Süleymanova 2008-ci ildə ölkəmizin BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasının Fakültativ Protokolunun ratifikasiya etdiyini, Milli Preventiv Mexanizm funksiyalarını yerinə yetirən təsisat qismində Müvəkkilin müəyyən olunduğunu, ötən müddət ərzində Milli Preventiv Qrup tərəfindən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədikləri yerlərə, o cümlədən penitensiar müəssisələrə, müvəqqəti saxlama yerlərinə, psixiatriya xəstəxanalarına, habelə sosial obyektlərə, ahıllar və əlilliyi olan şəxslər üçün internat evləri və pansionatlara müntəzəm olaraq qrup tərəfindən başçəkmələrin həyata keçirildiyi barəsində qonağa məlumat verib.

Ombudsmanın bu günlərdə onun təşəbbüsü ilə 4 saylı qadın cəzaçəkmə müəssisəsində növbəti “Açıq qapı” qəbulu keçirdiyi, çoxsaylı məhkum qadınları fərdi şəkildə qəbul edərək, onların müxtəlif müraciətlərini dinlədiyi, habelə onlara hüquq və vəzifələrinin izah edildiyi qeyd edilib.

Vurğulanıb ki, dövlətimizin humanist siyasəti nəticəsində ölkəmizdə qısa müddət ərzində 11 Amnistiya Aktı qəbul olunmuş, 65 əfv sərəncamı imzalanmış, minlərlə insan ailəsinə, cəmiyyətə qovuşmuşdur. Müvəkkilin vəsatətləri əsasında isə indiyədək 692 məhkum azadlığa buraxılmışdır.

Müvəkkil, həmçinin qeyd edib ki, gender bərabərliyinin təmini, qadın və kişilər üçün bərabər imkanların yaradılması, qadınlara və uşaqlara qarşı zorakılığın qarşısının alınması, bütün dünyanı bürümüş bu fenomenin aradan qaldırılmasına yönəlmiş kompleks yanaşma ilə pozulmuş hüquqların aradan qaldırılması və qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir, habelə bunlar üçün icma səviyyəsində xidmətlərin təşkili üzrə müsbət təcrübəmizdən istifadə etməklə reproduktiv sağlamlıq, ailə planlaşdırılması, zorakılıq qurbanları üçün regional sığınacaqların yaranması barədə təkliflər verdiyini və bu tədbirlərin zəruriliyini vurğulayıb.

Sonda faydalı fikir mübadiləsinə və səmimi qəbula görə təşəkkür edən qonaqlar Müvəkkilin fəaliyyətini yüksək qiymətləndirdiklərini bildirərək, Ombudsman təsisatı ilə qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını söyləyib, habelə görüşdə səsləndirilən təkliflərin gələcək əməkdaşlıq çərçivəsində nəzərə alınacağını diqqətə çatdırıblar.


Etiketlər:  Ombudsman Avropa Şurası nümayəndə heyətini qəbul edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ