Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ürək damarlarının vəziyyətini göstərən anju müayinəsi - Angioqrafiya haqda bilmədiklərimiz

Ürək damarlarının vəziyyətini göstərən anju müayinəsi - Angioqrafiya haqda bilmədiklərimiz

Tarix: 23 Yanvar 2021 21:51

Son illərdə ürək-damar xəstəliklərinin diaqnostikasında koronar angioqrafiya (anju) geniş tətbiq olunur. Bu, bir sıra hallarda dəqiq diaqnoz qoymaq baxımından ən vacib müayinə metodu sayılır.  

Angioqrafiya nədir? Nə zaman tətbiq olunmalıdır? Hansısa riskləri varmı? 

Sonxeber.net e-tibb.az-a istinadən kardioloq mütəxəssis Gülanə Ağayevanın angioqrafiya müayinəsi haqqında məqaləsini təqdim edir:

Ürək-damar xəstəliklərinin diaqnostikasında istifadə edilən koronar angioqrafiya (el arasında anju kimi tanınır), infarkt xəstələrində həyat qurtaran bir müayinə metodudur. Angioqrafiya ürək damarlarının vəziyyətini göstərir, bu yolla müalicə üsulu seçilir.

Koronar angioqrafiya ürək damarlarının xüsusi maddə verilərək izlənilməsidir. Sadə dildə desək angioqrafiya ürək damarlarının şəklinin çəkilməsi deməkdir. Angioqrafiya əməliyyat adlandırıla bilməyən minimal invaziv bir prosedurdur və bu prosedur ilə ürək damarlarında darlıq və ya tam tıxanıqlığın olub olmaması müəyyən edilir.

Angioqrafiya nə zaman icra olunur?

Angioqrafiya diaqnostik bir prosedurdur və ürək damarlarının tutulması əlamətləri varsa, xəstə fiziki aktivlik zamanı ciddi sinə ağrısı tərif edirsə, aparılmış digər müayinələrin nəticələrində damar probleminə şübhə varsa icra edilir.

Koronar angioqrafiya necə aparılır?

Koronar angioqrafiya yuxarı və ya aşağı ətrafdakı böyük arteriyalar istifadə edilməklə icra edilir, əvvəllər daha çox sağ bud arteriyası istifadə olunsa da müasir dövrdə xəstənin rahatlığı və prosedurun ağrısız olması baxımından sağ və ya sol biləkdən mil arteriyası istifadə edilməklə icra olunur. Koronar angioqrafiyada, damarın zədələnməsinə səbəb olmayan və xüsusi materiallardan hazırlanmış nazik borular (kateterlər) istifadə olunur. Koroner angioqrafiya prosesi təxminən 10-20 dəqiqə çəkir, damarların fərqli anatomik quruluşlarına və ya çox əyri olmasına görə bu müddət daha uzun ola bilər. Prosedurdan əvvəl istifadə ediləcək sahə yerli keyləşdirmə ilə keyləşdirilir və xəstənin ağrı hiss etməməsi təmin edilir. Koronar angiyoqrafiya əsasən ağrısız və problemsiz bir prosedurdur.

Prosedurdan əvvəl istifadə ediləcək sahə yerli keyləşdirmə ilə keyləşdirilir və xəstənin ağrı hiss etməməsi təmin edilir. Koronar angiyoqrafiya əsasən ağrısız və problemsiz bir prosedurdur. Prosedur başa çatdıqdan sonra müdaxilə yerinə qoyulmuş damaryolu çıxarılır, qanaxmanın dayandırılması üçün sıx sarğı tətbiq olunur və xəstə təxminən yarım saat sonra (biləkdən olunan prosedur zamanı) evə yola salınır.

Angioqrafiyanın riskləri varmı?

Koronar angioqrafiya əsasən problemsiz həyata keçirilən bir prosedur olsa da, invaziv müayinə üsulu olduğu üçün çox az faizlə ağırlaşma riski də daşıyır. Bu risklər aşağıdakı kimi təsvir edilə bilər: Böyük ağırlaşmalar olaraq təyin olunan damar cırılması, insult və ölüm riski statistik olaraq təxminən 0,07% , koronar arteriyaya giriş sahəsindəki ağırlaşmalar 0.02%, kiçik fəsadlara isə qanaxma və ya hematoma (qan laxtalanması), istifadə olunan maddəyə qarşı həssaslıq və vagal reaksiya (ürək bulanması, qusma, soyuq tərləmə, nəbz və təzyqin enməsi) aid edilir.

Angioqrafiyanın zərərləri nədir?

Peşəkar bir kardioloq tərəfindən aparılan angioqrafiya heç bir zərər vermir. Müayinədən əvvəl aparılan testlərdə hər hansı bir problem görülərsə (məs, böyrək problemi) bu zaman mümkün ola biləcək zərərlər göz önünə alınır və öncədən tədbirlər görülür.

Angioqrafiya ağrılı bir prosedurdurmu?

Prosedur zamanı qasığa və ya biləyə, qola yerləşdiriləcək keyidici iynə hiss oluna bilər. Bunun xaricində prosedur ağrılı deyil.


Etiketlər:  Ürək damarlarının vəziyyətini göstərən anju müayinəsi Angioqrafiya haqda bilmədiklərimiz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ