Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2021 23:50
Sonxeber.net AZƏRTAC-a istinadən Beynəlxalq Memarlar Akademiyası Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü, mədəni irsin araşdırılması üzrə ekspert Faiq İsmayılovun Qarabağdakı abidələrimizlə bağlı apardığı araşdırmaları təqdim edir. Bu silsilədən olan növbəti məqalə Şuşanın tarixi tikililərindən bir neçəsi haqqındadır.
Şuşa - Azərbaycanın mədəniyyət mərkəzi. Dahilərimizin göz açdıqları məkan, tarix, mədəniyyət və təbiət abidələri ilə zəngin olan gözəlliklər diyarı. Eyni zamanda, Ermənistan silahlı qüvvələri tərəfindən viranəyə çevrilmiş şəhər... Bizi qələbəyə qovuşduran 44 günlük müharibə öz tarixi ən-ənənələrinə sadiq qalan bu şəhərin bərpasını zəruri edib. Şəhərin bərpasına çalışmaq tək müvafiq təşkilatların və vəzifə sahiblərinin deyil, eyni zamanda, hər bir Azərbaycan vətəndaşının mənəvi borcu və vəzifəsi olmalıdır.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında "...Şuşanın tarix və mədəniyyət abidələrinin bərpa edib öz tarixi gözəlliyinə qovuşdurulacağını" dəfələrlə qeyd edib. Çox qısa zaman ərzində Şuşanın bərpasına başlanacağı mütləqdir. Məhz Prezidentimizin bu tövsiyələrini əsas tutaraq, Şuşanın bərpa və layihələndirilmə işləri son dərəcə diqqətlə aparılmalıdır.
Unutmaq olmaz ki, birinci Qarabağ müharibəsindən sonra Şuşada kütləvi hal alan erməni vandalizminin əsası hələ sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni rəhbərliyi tərəfindən qoyulmuşdu. Belə ki, sovet dövrü Şuşasında XVIII - XIX əsrlərə aid yüzlərlə yaşayış evi, inzibati bina dağıdılaraq xəritədən silinib. Bu gün 23 məhəllədən yalnız 17-sinin sərhədlərini müəyyənləşdirmək mümkündür. 17 məhəllədə yaşayan əhaliyə məxsus mindən çox yaşayış evindən, mülklərdən və inzibati binalardan əsər-əlamət qalmayıb. İctimai Məclisin yay binası yerlə-yeksan edilib. Hələ sovet vaxtı Şuşanın qoruq ərazisində şəhərin lanşaftına uyğun gəlməyən yaşayış binaları inşa olunmuşdu (Şəkil 1).
Bütün ictimai binalar və mülklər öz görkəmlərinə uyğun yenidən qurulmalı və ya bərpa olunmalıdır. Bərpa zamanı Şuşanın gözəlliyi qorunmalı, Şuşa tarixi görkəminə qovuşmalıdır. Şuşada İctimai Məclisin yay binası bərpa olunarsa, bu tarixi binada mədəni tədbirlərin keçirilməsi üçün əla imkan yaranar (Şəkil 2-3).
Sovet dövründə Şuşada təmir olunan mülklərdə bərpa qaydaları gözlənilmir, bu zaman ciddi nöqsanlara yol verilirdi. Dediklərimizə əyani sübut kimi Zöhrabbəyovların evini göstərmək olar (Şəkil 4). Bu evin özünəməxsus sadə baxımlı və unikal memarlıq quruluşu olub. Lakin 1980-1990-cı illərdə "bərpa" edilərək əzəli görkəmini itirib. Bərpa zamanı ciddi qüsurlara, pozuntulara yol verildiyi aydın görünür (Şəkil 5).
1992-ci ilin mayından 2020-ci il noyabrın 8-dək, yəni 28 ildən çox Ermənistan silahlı qüvvələrinin işğalı altında qalan Şuşa şəhərində tarixi abidələrə qarşı vandalizm kütləvi hal alıb. Ermənilər Şuşada Dövlət Dram Teatrını, Dövlət Qarabağ tarixi və Şuşa şəhərinin tarixi muzeylərini, Üzeyir Hacıbəylinin, Bülbülün, Mir Möhsün Nəvvabın xatirə muzeylərini, eləcə də görkəmli sənət adamlarının ev-muzeylərini, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialını, Dövlət Rəsm Qalеrеyasını, 4 texnikumu, 2 institut filialını, orta və orta ixtisas musiqi məktəblərini, 1200 yerlik internat məktəbini, kitabхanaları, 2 sanatoriyanı, 70 yerlik turist bazasını və s. dağıdıb, tar-mar ediblər. Eyni zamanda, 350 hektarlıq qoruq zonasındakı 300 tarix və mədəniyyət abidəsini, 550 qədim yaşayış binasını sökərək şəhərin görünüşünə ciddi zərər vurublar.
Artıq Şuşada yeni həyat başlayır. Əminliklə vurğulamaq istərdik ki, çox qısa zamanda Qarabağın tacı olan bu şəhər öz tarixi gözəlliyinə qovuşacaq.