Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2021 08:14
Afrika İttifaqının qarşıdakı sammitində Afrika Kosmik Agentliyinin təsis edilməsi barədə qərar qəbul ediləcək. Agentliyin mənzil-qərargahı Misirdə yerləşəcək.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Qahirədə keçirilən mətbuat konfransında Misir Kosmik Agentliyinin icraçı direktoru Məhəmməd əl-Kosi məlumat verib. O əlavə edib ki, Keniya, Uqanda, Qana, Sudan və Nigeriyanın birgə əməkdaşlığı ilə kosmosa peyk buraxılması da nəzərdə tutulur.
Bundan başqa, Misir Kosmik Agentliyi bu ilin dekabrında "Next" peyklərini də kosmosa göndərməyi planlaşdırır. Almaniya ilə əməkdaşlıq şəraitində hazırlanan və kosmosda elmi tədqiqatlar aparacaq ilk peykin çəkisi 65 kiloqram olacaq. 2022-ci ilin sentyabrında isə 330 kiloqram çəkisi olacaq "EgyptSat2" rabitə peyki kosmosa göndəriləcək. Bu peykin hazırlanması üçün Çin hökuməti Misirə 45 milyon dollar qrant ayırıb.
Agentliyin icraçı direktoru bildirib ki, Misirdə yerləşəcək Beynəlxalq Kosmos Mərkəzi ərəb və Afrika ölkələrinin ilk kosmik tədqiqatlar mərkəzi olacaq.