Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2021 18:42
Biz, əlbəttə, çox məmnunuq ki, beynəlxalq təşkilatlar Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirirlər. Ancaq əsas vəzifəmiz ondan ibarət idi ki, xalqımızı, vətəndaşlarımızı qoruyaq. Çünki pandemiyanın ilk günlərində bəlli deyildi ki, bu xəstəliyin hansı təhlükələri, yaxud da ki, hansı fəsadları ola bilər və bu gün də tam axıra qədər tədqiqatlar aparılmayıb. Ona görə biz ilk günlərdən bu addımları ataraq və eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatı ilə təmaslar quraraq bu sahədə maksimum səmərəli iş aparmaq üçün çalışmışıq.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binasında yaradılan şəraitlə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının pandemiya ilə mübarizənin "Azərbaycan modeli" haqqında danışdığını, görülən işlərə yüksək qiymət verdiyini qeyd edən dövlətimizin başçısı deyib: "Eyni zamanda, bu yaxınlarda mənə verilən məlumata görə, dünyanın aparıcı rəy sorğusu şirkəti olan "Gallup" da Azərbaycan vətəndaşları arasında təhlil-rəy sorğusu aparıb. Vətəndaşların 86 faizi dövlətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir və bu göstəriciyə görə Azərbaycan dünyada 4-cü yerdədir. Yəni, həm beynəlxalq təşkilatlar, bu sahədə aparıcı təşkilat olan Ümumdünya Səhiyyə Təşkilatı, həm də ölkə əhalisi bizim fəaliyyətimizi yüksək qiymətləndirir. Bu, özlüyündə bir göstəricidir və onu göstərir ki, biz düzgün yoldayıq, hər zaman vətəndaşlara həqiqəti demişik. Hər zaman vətəndaşlara problem yarada biləcək hansısa məhdudiyyətlər haqqında danışanda deyirdik ki, bu, zəruridir, bu, labüddür, bunu biz etməsək, böyük problemlərlə üzləşə bilərik, bizim səhiyyə sistemimiz artan xəstələrin müalicəsi ilə bağlı öz resurslarını səfərbər edə bilməyəcək. Şadam ki, bizim bütün çağırışlarımız vətəndaşlar tərəfindən də anlayışla qarşılandı. Nəticə etibarilə həm dövlət siyasəti, həm vətəndaşların artan məsuliyyəti imkan verdi ki, bu gün vəziyyət nəzarət altındadır".