Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2021 22:50
Vətən müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də 23 yaşlı Elxan Məmmədovdur. Hərbi xidmət dövründə fəxri fərmanla fərqlənən şəhidimiz, ölümündən sonra da "Vətən uğrunda medalı" ilə təltif olunub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Qobustanın Cəyirli kənd sakini Elxan Məmmədov əliaçıq, yumşaq qəlbli və mərd biri olması ilə hər zaman yaşıdları arasında seçilib. Kənd sakinləri 23 yaşlı Elxanı tərbiyəli, zəhmətsevər və dürüst biri kimi tanıyıblar.
Orta məktəbi bitirdikdən sonra, 2016-2018-ci illərdə hərbi xidmətini uğurla başa vuran Elxan komandirləri tərəfindən nümunəvi xidmətinə görə fəxri fərmanlarla təltif edilib. 2020-ci ilin iyul ayında Tovuz döyüşlərindən sonra könüllü olaraq səfərbərlik üçün qeydiyyatdan keçib. Sentyabrın 21-də Elxan hərbi təlimlər üçün ordu sıralarına qatılıb.
Şəhidin bacısı Aidə Səmədova deyib ki, qardaşı müharibənin ilk günlərindən döyüşlərdə iştirak edib: "Hərdən bizimlə əlaqə saxlayırdı, "narahat olmayın, hər şey yaxşıdır" deyirdi. Mərd, qorxmaz idi. Düşmənin heç bir gülləsi, mərmisi, tank səsi onu torpaqlarımızın azadlığı uğrunda mübarizədən yayındıra bilməzdi. Sanki şəhid olacağını da hiss etmişdi. Hər kəsə "haqqınızı halal edin, sizi çox sevirəm" demişdi".
Elxan Məmmədov oktyabrın 11-də ağır döyüşlərin birində yaralanaraq hərbi hospitala yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, 19 gündən sonra həyatla vidalaşıb, şəhidlik zirvəsinə yüksəlib.
Qohumu Xələfməmməd Səmədov da Elxanın çox vətənpərvər biri olduğunu qeyd edərək deyib: "O, evlə danışanda yerini demirdi. Hər şeyin yaxşı olduğunu bildirirdi. Müharibədə olduğu dövrdə bir kəlmə narazılıq etməyib. Allah ona rəhmət eləsin".
Elxan Məmmədov kimi minlərlə igid və qəhrəm şəhid övladlarımız cismən aramızda olmasa da, hər zaman qəlbimizdə yaşayacaqlar. Çünki 44 günlük zəfər döyüşlərində əldə etdiyimiz yenilməz Qələbənin memarları məhz şəhidlərimizdir.