Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AQTA-nın vəzifəli şəxsi rüşvət səbəbindən həbs edildi

AQTA-nın vəzifəli şəxsi rüşvət səbəbindən həbs edildi

Tarix: 10 Fevral 2021 19:09

Bakı. Samir Əli - Trend:

Xidməti vəzifələrinin icrası zəminində etdiyi qanunsuz hərəkətləri ilə vətəndaşların hüquqlarını pozan və bununla da dövlət orqanlarının ümumi nüfuzuna xələl gətirən vəzifəli şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.

Bərdə Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bərdə regional bölməsinin rəisi vəzifəsində işləmiş Həsənov Rauf Sadiq oğlunun qanunsuz əməlləri ilə əlaqədar vətəndaşın müraciəti əsasında aparılmış araşdırma nəticəsində Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq tədbirləri ilə Rauf Həsənovun AQTA-nın Bərdə regional bölməsinin rəisi vəzifəsində işlədiyi dövr ərzində Bərdə rayonu Kələntərli qəsəbəsi ərazisində yerləşən pendir istehsalı ilə məşğul olan sexin fəaliyyətini bərpa etdirmək üçün vətəndaşdan 1200 manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına, sexin fəaliyyətinin yenidən dayandırılmasından sonra təkrarən açılmasına köməklik göstərəcəyini vəd verməklə vətəndaşı aldadıb 1000 manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

10 fevral 2021-ci il tarixdə Rauf Həsənov Cinayət Məcəlləsinin 178.1 (dələduzluq) və 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.


Etiketlər:  AQTA nın vəzifəli şəxsi rüşvət səbəbindən həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ